Bu gün baharın ilk müjdəçisi olan su çərşənbəsidir

Bu gün baharın ilk müjdəçisi olan su çərşənbəsidir

Bu gün türk elində Novruzun ilk addımı olan su çərşənbəsidir. El dilində bu çərşənbəyə \"Əzəl çərşənbə\", \"Sular Novruzu\" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.


Su çərşənbəsi suya tapınma inamı ilə də bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpir.


Xalqın inamına görə Su çərşənbəsi günü \"təzə su\"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olar.


Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.


Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var.

Məsələn, inanclarda deyilir:


- Süfrəyə su dağılması aydınlıqdır,

- Su içən adamı qəfil vurmazlar,

- Su içən adamı ilan çalmaz,

- Lal axan sudan keçməzlər.


Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:


- Su olan yerdə dirilik olar,

- Su ehsandır,

- Su murdarlıq götürməz,

- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


Hər-halda su ümumilikdə təmizlik mənbəyidir. Bizə Novruzun, Baharın ilk müjdəçisi olan çərşənbələrin ilki nə qədər aydınlıq olsa o qədər yaxşıdır.

SİA kollektivi olaraq biz də xalqımızın ilk çərşənbəsi olan Su çərşənbəsini təbrik edir, Baharın elimizə, obamıza, torpağımıza vətənimizə xeyirli, bol ruzili, sülh və əmin-amanlıq dolu müjdələrlə gəlməyini arzu edirik.


Su çərşənbəniz mübarək!


Aynurə

Bütün xəbərlər Facebook səhifəmizdə