Əli Həsənov: \"Xocalı hadisəsi törədilən zaman separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sərkisyan olub\"

Əli Həsənov: \"Xocalı hadisəsi törədilən zaman separatçılıq hərəkatının başında duranlar Robert Köçəryan və Serj Sərkisyan olub\"

"Dünya ictimaiyyətinin əksər hissəsi bilir ki, Xocalı hadisəsi törədilən zaman Sovet ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan istifadə olunub. Separatçılıq hərəkatının başında duranlar isə Robert Köçəryan və Serj Sərkisyan olub. Ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir". SİA-nın verdiyi xəbərə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin Xocalı soyqırımının törədilməsində rolu olan Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyanın İnterpol xəttilə axtarışa verilməsi barədə sualını belə şərh edib.


Ə. Həsənov bildirib ki, sənədləşmə başa çatdıqdan sonra cinayətkarların cəzaya çatdırılması üçün beynəlxalq səviyyədə müraciət etmək olar: "Bu cinayətləri sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Hesab edirik ki, hüquq-mühafizə orqanları bu işin öhdəsindən gələcək. Ermənistan bu gün çox ciddi şəkildə türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaq şərtilə bütün dünya müsəlmanlarına qarşı ciddi ideoloji müharibə aparır. Hesab edirəm ki bu problemlə bağlı heç bir diplomatik qaydaları gözləmək lazım deyil. Diplomatlarımız da, hökumət məmurlarımız da istənilən tədbirdə günahkarın üzünə onun günahını açıq deməlidir. Burada diplomatik gediş etməyin yeri deyil. Biz adətən beynəlxalq qurumları ikili standartlarla məşğul olmaqda günahlandırırıq, bizim özümüz də ikibaşlı danışmalıyıq. Burada məsələ tək Ermənistanla deyil, onlara kömək edənlər də var. Bu məsələləri açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaq lazımdır".


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə