Siyasi Partiyalar hansı səbəbdən maliyyə mənbələrini gizli saxlayırlar?
Bizim əsas problemimiz partiyamızın maliyyəsinin olmamasıdır. Əgər dövlət tərəfindən partiyalar maliyyələşərsə bu təqdirəlayiq bir hal kimi dəyərləndirilə bilər. Çünki bizdə heç bir maliyyə yoxdur. Bunu SİA-ya Azərbaycanda mövcud olan partiyaların maliyyə məsələlərinə münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib: "Biz hətta öz mənzil-qərargahımızın pulunu öz şəxsi vəsaitimiz hesabına ödəyirik. Bununla belə bizdə üzvülük haqqı da yoxdur. Biz 1992-ci ildən bu üzvülük haqqını ləğv etmişik\".
A.Əlizadənin sözlərinə görə, əgər xaricdən maliyyələşən partiyalar varsa deməli onlar xaricdən yönəlik tapşırıqları yerinə yetirirlər: "Onlar yardım müqabilində Azərbaycandan yalnız bir şey tələb edirlər, ölkəmizin zərərinə və ziyanına işləmək. Bizim partiya olaraq əsas planlarımız xalqı marifləndirmək, ictimaiyyətə öz fikrimizi, mövqeyimizi çatdırmaq və ölkədə sülhün-əminamanlığın bərqərar olmasına çalışmaqdır. Biz bütün inqilabların əleyhinəyik".
Siyasi partiyalar haqqında yeni bir qanun qəbul olunmalıdır. Hazırda bu qanun üzərində işlər davam etdirilir. Bu fikirlər isə Demokratik Sol Partiyasının sədri Elşən Manafova məxsusdur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla Azərbaycanda olan bütün digər partiyalar maliyyə məsələləri ilə bağlı açıqlamalara birmənalı mövqe sərgiləmirlər: "Hələ dövlət tərəfindən partiyalara maliyyə yardımı ayrılmayıb. Ayrılacaq vəsaitin hansı partilayara şamil olunacağı isə mübahisəli olaraq qalır. Partiyaların özündə də ciddi problemlər mövcuddur. Belə ki, qeydiyyatdan keçməmiş partiyaların qeydiyyatda olan partiyalarla müqayisədə vəziyyəti bir az fərqlidir. Bizim partiyanın maliyyəsi digər partiyalarda olduğu kimi könüllü ianələr hesabınadır".
Partiyaların xaricdən maliyyələşməsinə gəlincə, E.Manafov bildirib ki, bunun üçün mütləq şəkildə partiyaların seçkilərdə əldə etdiyi nəticələr vacibdir: "Ümid edirik ki, yeni qanun qəbul olunandan sonra partiyaların maliyyə məsələsi öz həllini tapacaq".
Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli isə hesab edir ki, partiyalar dövlətdən maliyyələşərsə, bu həmçinin partiyanın inkişafına stimul ola bilər: "Biz istərdik ki, bütün partiyalarla birgə Yurddaş Partiyası da dövlətdən maliyyələşdirilsin. Biz partiya üzvlərinin maddi vəziyyətini nəzərə alaraq onlardan üzvülük haqqı da tələb etmirik. Bununla belə maliyyə tələb edən tədbirlər də keçirilmir. Həmçinin partiyamızın tərkibində ştatda olan işçilər yox dərəcəsindədir. Biz yalnız ictimai əsaslarla fəaliyyət göstəririk".
Partiya sədri, xaricdən maliyyələşməyə münasibət belə bildirib: "İstəmirik ki, bu və ya digər siyasi qüvvə hansısa bir xarici qüvvənin təsiri altına düşsün. Bu da Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli bir məsələdir. Ona görə də bizim qanunvericilkdə partiyaların xaricdən maliyyələşdirilməsi bir növ qadağan olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB