Fazil Mustafa: “Fransadan başlayıb elə Minsk qrupunun özünü dəfn olunması ilə məsələni yekunlaşdırmağı hədəfləməliyik”- MÜSAHİBƏ

Fazil Mustafa: “Fransadan başlayıb elə Minsk qrupunun özünü dəfn olunması ilə məsələni yekunlaşdırmağı hədəfləməliyik”- MÜSAHİBƏ

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın SİA-ya müsahibəsi.

- Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunda bitərəf mövqe nümayiş etdirə bilməyəcəyini söyləyərək onun həmsədrlikdən uzaqlaşdırılması iddiasını səsləndirib. Bu mümkün olacaqmı?

- Bu məsələ ilə bağlı ATƏT-in yüksək səviyyəli sammiti çağrılmalı və sammitdə mandatla bağlı məsələlər müzakirəyə çıxarılmalıdır. Eyni zamanda Minsk qrupuna daxil olan ölkələrin birgə razılığı ilə həmsədrlik məsələsinə yenidən baxılmalıdır. Burada əsas gətirilən arqument odur ki, artıq həmsədrlərdən biri birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin tərəfi olan Ermənistanın maraqlarını təmsil etdiyini ortaya qoyub. Bu Fransadır. Fransanın bu məsələdə hansısa bir həmsədr rolunda olması məqbul deyil. Bu da yetərli deyil. Hesab edirəm ki, Fransanın çıxarılması o mənaya gəlmir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın haqlı mövqeyinə dəstək verəcəkdir. Çünki, ortada ABŞ və Rusiyanın da Ermənistana açıq dəstək verməsi faktı var. Bu baxımdan daha fərqli yol izləmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Türkiyə ilə birgə ATƏT-in Minsk qrupunun mandatı məsələsini qaldırmalıdır. Çalışmalıyıq ki, bu məsələnin həllini daha məsuliyyətli, daha çox müəyyən qərarları icra etmək qabiliyyətinə malik olan gücə həvalə edək. Bu da Birləşmiş Millətlər Təşkilatıdır. Çünki bizim orada ala biləcəyimiz dəstək imkanı ATƏT-dən daha çoxdur. Çünki Azərbaycan təşkilatda İslam ölkələri, Türkdilli ölkələr və başqalarının dəstəyini almaq imkanına malikdir. Bu baxımdan Fransadan başlayıb elə Minsk qrupunun özünün dəfn olunması ilə məsələni yekunlaşdırmağı hədəfləməliyik.

- Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr dövləti ola bilərmi?

- Türkiyə faktiki olaraq ATƏT-in Minsk qrupunun üzvüdür. Burada biz əsaslandıra bilərik ki, Rusiya Ermənistana silah verir və işğalda birbaşa Rusiyanın əli var. Eyni zamanda tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür və bir yerdə iştirak edirlər. Bu zəmində onlar necə müttəfiqdirlərsə, Türkiyədə eyni qaydada prosesin müsbət məcrada inkişaf etməsində fayda vermək üçün təsir mexanizminə malik olan dövlət kimi burada iştirak etsə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi daha real olar. Budur əsas məsələ. Bu isə arqumentlərin nə dərəcədə önə sürülüb və dəstək almasından çox asılı olacaq.

- Son zamanlar Türkiyənin bəzi mətbu orqanlarında Azərbaycanla bağlı qeyri-obyektiv yazılar dərc olunur. Sizin fikrinizcə, bunun arxasında nə durur?

- Burada Türkiyənin bəlli çevrələri var ki, ümumiyyətlə bu ölkənin Azərbaycana görə, hansısa fədakarlıq etməsində maraqlı deyirlər. Ya daha çox Yaxın Şərq istiqimati götürməyə hədəfləyən düşüncə zehniyyət var, ya istiqamət olaraq bütövlükdə türk dünyası ilə münasibətlərə görə, Rusiya ilə üz-üzə qalmasını istəməyən qüvvələr var. Və bunlar hamısı Azərbaycan məsələsində bir qədər ehtiyatlı bir mövqe tutulmasını istəyirlər və Türkiyəni Azərbaycana görə, həm də Ermənistanla iqtisadi əlaqələrin dayandırılmasına maraqlı deyillər. Belə ki, onlar Ermənistanla birbaşa əlqələrin qurulmasını istəyirlər. Bu hər bir cəmiyyətdə ola bilər. Türkiyə cəmiyyətində də bu bir reallıqdır. Həmin qüvvələrin yönlədirilməsi ilə Azərbaycanı müəyyən dərəcədə incidə biləcək addımların atılması nəzərdə tutulur. Amma biz buna uymamalıyıq. Çünki oturuşmuş Türkiyənin siyasətində Azərbaycan önəmli bir tutur və ona görə, biz heç də Türkiyənin Yaxın Şərqdə və başqa yerlərdə olan daha fəal siyasətindən narahatçılıq keçirməməliyik. Çünki türk cəmiyyətini bütövlükdə seçkilərdə səs verərkən daha çox Azərbaycana yönəlik mesajdarı orada təsir və ya əks-təsir yaratma imkanına sahibdir. Ona görə bunlara çox aludə olmadan rəsmi mövqelərə baxmaq, rəsmi bəyanatlara diqqət etmək lazımdır. Bu bəyanatlarda da Prezident və Baş nazirin mövqeyi kifayət qədər açıq və şəffafdır. Hər iki ölkə dostluğun inkişaf etdirilməsi istiqamətində səylərini artıq ortaya qoyurlar. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq təşkilatının fəaliyyət göstərməsi və onun yaxınlarda Bakıda toplantısını keçiriləcəyi faktı artıq onu göstərir ki, mətbuat və digər məsələlərə aludə olmağa dəyməz. Çünki Azərbaycan və Türkiyə doğru yoldadırlar.

- İranla bağlı son yaşananları necə dəyərləndirərsiniz. Ortada əsl İrandır, yoxsa onun kölgəsi istifadə olunur ki, münasibətlər pozulsun?

- Hər halda açıq atılan addımların birbaşa həmin ölkələrin özü tərəfindən atılması məsələsində bir qədər diqqətli olmalıyıq. Çünki heç bir ölkə bu qədər açıq izlər buraxaraq hansısa ölkəyə təhlükə yaratmağa maralı olmaz. Yəni gizli şəkildə bunu edər. Ona görə, həm Rafiq Tağının ölümü, həm də digər proseslər birmənalı şəkildə bir ölkəyə doğru istiqamətlənəcək məsələlər deyil. Məncə, biz iş yekunlaşmamış konkret dövlətləri ittiham etməməliyik. İranda olan rejim təbii ki, Azərbaycan türklərinin yararına olmayan və Azərbaycan türklərini basqı altında saxlayan bir rejimdir. Amma buna baxmayaraq bütün hallarda Ermənistana dəstək vermiş olsa belə İran Azərbaycanın yaxın qonşusudur və Azərbaycan üçün real təhlükə mənbəyidir. Ona görə biz İranla siyasətimizdə ehtiyatlılığı əldən verməməliyik və ölkədən baş verə biləcək hər hansı bir hadisəni məhz İrana ittihama yönəltmək istiqamətində formalaşdırmamalıyıq. Bir az bu məsələdə ehtiyatlı olmaq lazımdır. Amma bütövlükdə bunların araşdırılmasına ehtiyac var. Məncə, konkret məhkəmələr tərəfindən sübut olunan nəticələr varsa, onda Azərbaycan tərəfi də adekvat cavabını verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə