Prezident İlham Əliyev Davosda çıxış edib

Prezident İlham Əliyev Davosda çıxış edib
Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda ötən gün \"Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı – 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi\" mövzusunda toplantı baş tutub. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Toplantıda çıxış edən prezident İlham Əliyev ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışıb və bildirib ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb. Prezident ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirib, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxunub. Dövlət başçısı vurğulayıb ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılıb.

Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan prezident bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlıq işlərinə mühüm töhfələr verdiyini də bildirib. Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən dövlət başçısı deyib ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir.

Dövlət başçısı həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti qeyd edib və bildirib ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülüb.

Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirib.

Toplantıda, eyni zamanda Ukrayna prezidenti Viktor Yanukoviç və Rusiya "VTB Bank"ının prezidenti Andrey Kostin də çıxış ediblər.

Sonra toplantı iştirakçıları sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə