Hərbi Prokurorluqda 84 fakt üzrə cinayət işi başlanıb

Hərbi Prokurorluqda 84 fakt üzrə cinayət işi başlanıb
2012-ci il yanvarın 26-da Hərbi Prokurorluqda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda hesabat məruzəsi ilə çıxış edən Baş prokrorunun müavini – Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

2010-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,1 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, silahlı birləşmələrdə ölüm halları 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətləri 76,9 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş vermyib.

Ötən ildə Respublika Hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində 84 fakt üzrə cinayət işi başlanıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi kommisarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində CM-nin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb.Həmin cinayət işlərindən Bakı şəhəri Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir. Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclası iştirakçılarına məlumat verərək bildirilib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə