Nejdət Ünüvar: “Fransanın Minsk qrupu həmsədrliyindən çəkilməsi Azərbaycan, hətta Ermənistan üçün faydalı olar”

Nejdət Ünüvar: “Fransanın Minsk qrupu həmsədrliyindən çəkilməsi Azərbaycan, hətta Ermənistan üçün faydalı olar”

\"Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çəkilməsi həm Azərbaycan, həm bölgə, hətta Ermənistan üçün faydalı olar\". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Nejdət Ünüvar Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanunu təsdiqləsə, bu, Fransanın tarixinə qara hərflərlə yazılacaq.

Bakıya səfəri çərçivəsində "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanunun Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, media nümayəndələri ilə müzakirə olunduğunu vurğulayan diplomat bildirib ki, qanuna etiraz olaraq Fransada Azərbaycan və Türkiyə diasporları birgə fəaliyyətə başlayıb: "Fransa parlamentində müzakirəyə çıxarılan məsələ ilə bağlı biz Azərbaycan xalqının etirazlarını gördük və buna görə minnətdarıq. Bu zəmində Parisdəki səfirliklərimiz bu məsələdə birgə çalışacaq. Milli Məclisin Beynəlxalq əlaqələr komitəsi Fransa Senatına etiraz məktubu yazıb, xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Fransanın Bakıdakı səfirini nazirliyə çağıraraq etirazını çatdırıb".

Türkiyənin indiyə qədər Azərbaycana hər cür dəstəyi göstərdiyini xatırladan millət vəkili bildirib ki, Türkiyə bütün təzyiqlərə baxmayaraq Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədi bağlayıb.

Nejdət Ünüvar "Yeni Şafak" qəzetində dərc edilən xəbərlərə də münasibət bildirib: "Yeni Şafak" qəzeti Türkiyə hökumətinin yayın orqanı deyil, bu qəzet zaman-zaman hökuməti də tənqid edir. Hətta nazirlərin əleyhinə yazılar yazır. Bu məsələyə çox əhəmiyyət vermək doğru deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə