Türkiyənin \"Mol\" mağazasının adından istifadə edən mağaza aşkarlanıb

Türkiyənin \"Mol\" mağazasının adından istifadə edən mağaza aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xətai rayonu, M.Hadi küçəsi, ev 31 ünvanında Müşfiq Ağamuradova məxsus mağazada yoxlama aparıb və mağaza tərəfindən \"Açılışa özel 50 faiz indirim\", \"4 ədəd alana 4 ədəd hədiyyə\" kimi qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mağazanın ön tərəfində türk dilində \"Türkiyenin en büyük perakende mağazası\" və \"MOL\" sözləri yazılmış reklamda qanunvericiliyin tələblərinə əməl olunmadan \"ən\" terminindən istifadə olunub. Həmçinin reklam mətninin dövlət dilindən istifadə normalarına uyğun tərtib edilmədiyi aşkarlanıb. Reklamda verilən məlumatların Türkiyənin \"Mol\" mağazalar qrupuna aid olduğu, lakin Müşfiq Ağamuradova məxsus mağazanın həmin mağazalar qrupu ilə əlaqəsini təsdiq edən heç bir sənədin olmadığı, bu addan qeyri-qanuni istifadə edildiyi və bu cür reklamın yayımlanması yolu ilə istehlakçıların çaşdırıldığı müəyyənləşdirilib.

Aşkar olunan faktlarla əlaqədar qanunvericiliyin tələblərinə zidd reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti Müşfiq Ağamuradova göstəriş verib və onun barəsində iş qaldırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə