Bakı şəhər baş prokuroru: “2011-ci ildə Bakıda törədilən 11 316 cinayətin 73,3 faizinin üstü açılıb”

Bakı şəhər baş prokuroru: “2011-ci ildə Bakıda törədilən 11 316 cinayətin 73,3 faizinin üstü açılıb”

Bakı şəhər Prokurorluğunda şəhər və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2011-ci ildə şəhər prokurorluğu orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində gördüyü işlərin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirədə Bakı şəhər prokuroru Əziz Seyidov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, ötən il şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər həyata keçirilərək müəyyən nəticələr əldə edilib. Ə. Seyidov həmçinin bildirib ki, şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına ciddi əməl etmələri tələb edib. Vurğulayıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə, şəhər prokurorluğunun 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Ə. Seyidov qeyd edib ki, ötən il şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər həyata keçirilərək müəyyən nəticələr əldə edilib. Belə ki, 2011-ci hesabat ili ərzində şəhər üzrə cəmi 11 min 316 cinayət hadisəsi qeydə alınıb. Həmin cinayətlərin 73,3 faizinin açılması təmin edilib. 2010-cu illə müqayisədə hesabat dövründə ağır və xüsusilə ağır cinayətlərin sayı 103 hadisə və ya 7,4% azalıb. Şəhərin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövründə daha çox qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb. İl ərzində prokurorluq orqanlarında 523, daxili işlər orqanlarında isə 3959 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat ilində əlaqəli şəkildə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində geniş əks-səda doğurmuş Nərimanov rayonunda 78 və 76 yaşlı ər-arvad Əkbərovların nəvələri Ramin Əkbərovun təşkilatçılığı ilə qətlə yetirilmələri, iş adamı - "Azər Rus" MTK-nın təsisçisi Əflatun Piriyevin Hümbət Məmmədovun sifarişi əsasında Fərman Hacıyev və qeyriləri tərəfindən qətlə yetirilməsi, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin İlqar Ağayev və qeyriləri tərəfindən öldürülərək meyitinin Xızı rayonunun ərazisində basdırmaları kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

Qeyd edilib ki, hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcud olub. 2011-ci ildə qeydə alınmış 5 qəsdən adam öldürmə, 39 quldurluq, 16 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.

Əziz Seyidov ağır və xüsusilə ağır cinayət işlərinin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin vaxtında və düzgün qurulmasının vacibliyini qeyd edib.

Şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2011-ci ilin nəticələrinə görə, artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə