Azərbaycan saytlarına edilən haker hücumunun sifarişçiləri araşdırılır

Azərbaycan saytlarına edilən haker hücumunun sifarişçiləri araşdırılır
Son vaxtlar Azərbaycanda bir çox qəzetin rəsmi səhifələri və siyasətçilərin müxtəlif sosial şəbəkələrdə hesablarına haker hücumu baş verirdi. Lakin dünən Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına indiyədək görünməmiş miqyasda haker hücumu "dalğa"sı müşahidə edilib. "Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin". Bütün bunlar [email protected] ünvanının mətbuata göndərdiyi məlumatda deyilirdi. Bu xəbərdarlıqdan sonra əvvəlcə, Yeni Azərbaycan Partiyasının rəsmi saytı yap.org.az "Azerian CyberArmy" adlı haker qrupu tərəfindən dağıdıldı. Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SİA-ya açıqlamasına görə, bu cur hadisələr nə Azərbaycan siyasətini, nə də iqtisadiyyatını zəiflədə bilər: "Hazırkı vəziyyətdə kimisə günahlandırmaq mümkün deyil. Çünki bəlkə də bu işi görənlərin məqsədi elə bizi hansısa dövlətlərin adlarını çəkməyə təhrik etməkdir. Bu sadəcə Azərbaycanın gücünü sarsıtmağa yönələn uğursuz bir addım idi\".

YAP-dan başqa daha iki rəsmi orqanın – Azərbaycan Konstitusiya Məhkəməsinin rəsmi saytı və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin rabita.az saytı da xakerlər tərəfindən dağıdılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirdi ki, xakerlərin haradan hücum etməsini hələ ki aydınlaşdırmaq mümkün deyil. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

"Azerian Cyber Army" adlı haker qrupunun növbəti qurbanı Daxili İşlər Nazirliyinin rəsmi saytı mia.gov.az olub. Axşam saatlarında Təhsil Nazirliyinin edu.gov.az və Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının saytı, Dövlət Gömrük Komitəsi, Xüsusi Dövlət Mühafizə Xidmətinin, "Azərmarka"nın, "Rabitə dünyası\" qəzetinin, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az saytı, faktxeber.az saytı və "trend.az" informasiya agentliyinin saytları dağıdılıb. Dağırdılan saytların siyahısından isə aydın olur ki, hücum bir neçə istiqamətdə və məqsədyönlü şəkildə aparılıb. Hücuma məruz qalan saytların siyahısı həm də onu göstərir ki, məqsəd Azərbaycanın dövlət qurumlarının saytlarını sıradan çıxarmaqdır. Millət vəkili Bəxtiyar Sadıqov hesab edir ki, dövlət əhəmiyyətli saytlara hücum edilirsə, bu belə nəticəyə gəlməyə əsas verir ki, bu bir nöqtədən idarə olunur və qəsdən törədilən bir hadisədir: "Bu hadisəyə düşmənçilik hərəkəti adlandırıram.Çox cılız yaramaz mübarizə metodudur. Azərbaycanda mətbuat azadlığı var. Azərbaycan iqtidarı çox şəffaf şəkildə fəaliyyət göstərir. Əgər bu saytların dağıdılmağına əgər kimsə güman edirsə ki, Azərbaycanda gedən quruculuq işlərinə kölgə sala biləcəklər, yanılırlar. Azərbaycan yüksək sürətdə inkişaf edir və edəcək".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, bu adi xaker hücumu deyil, bizim dövlətə qarşı aparılan kiber müharibədir: "Hansı ki, kütəvi olaraq 40 kimi dövlət orqanının internet saytlarını dağıtmaq bu artıq kiber müharibədir. İndiyədək hücumlar ayrı-ayrı saytlara və daha çox qeyri-hökumət qurumlarının saytlarına olurdu. Lakin indi dövlət orqanları, o cümlədən güc qurumları zərbə altında qalıb. Buna görə məsuliyyət daşıyan şəxslərin açıqlama verməsi zəruridir". Hazırda bunun hansı məqsədlərlə törədildiyini aydınlaşdırmağın çətin olduğunu dəyən ekspert baş verənlərin hər hansı bir ölkənin və ya maliyyə qruplarının hücumunun ehtimal edildiyini deyir, hər bir variantda Azərbaycan üçün nəticə ağırdı.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarının internet resurslarının qorunması istiqamətində bir neçə il əvvəl ciddi addımlar atılıb. Bununla bağlı Azərbaycan prezidentinin sərəncamına əsasən dövlət orqanlarında hər hansı biri məxfi sənədin interneti açıq olan kompüterdə saxlanmasına icazə verilmir. Əgər ehtiyyatsızlıq üzündən hər hansı bir məxfi informasiya cəmiyyətə sızarsa, həmin şəxslər cinayət məsuliyyəti daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə