Fransalı deputat qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul olunacağından narahatdır

Fransalı deputat qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul olunacağından narahatdır

Fransadan olan deputat ölkə parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul olunacağından narahatdır. Bakıda səfərdə olan Fransanın sabiq ədliyyə naziri, Parisin 7-ci rayonunun meri, Fransa parlamentinin üzvü Raşida Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib ki, Fransa parlamentində müzakirəyə çıxarılacaq "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəzaların tətbiq edilməsi barədə qanun layihəsi ilə bağlı hazırda Parisdə qızğın müzakirələr gedir.


O qeyd edib ki, qanun layihəsinin taleyi sabah həll olunacaq.


Türk dostların parlamentdə müzakirəyə çıxarılacaq bu qanun layihəsi ilə bağlı narahatlığını bildiyini deyən deputat əslində belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasının onu da narahat etdiyini vurğulayıb. O bildirib ki, tarix və yaddaşla bağlı hansısa bir məsələni qəbul etməyən insana qarşı cəza tədbirlərinin görülməsi narahatlıq yaradır.


Bunun tərəfdarı olmadığını deyən Dati deyib ki, qanun layihəsi ilə bağlı qarşıda hələ gərgin müzakirələr gözlənilir. Onun sözlərinə görə, bu müzakirələr xüsusən də Prezident Nikola Sarkozini dəstəkləyən partiyalardan olan deputatlar və senatorlar arasında gedəcək.


Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.


Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.


Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə