Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyanın yaradılması məsələsi müzakirə olunub

Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyanın yaradılması məsələsi müzakirə olunub

Ukrayna Ali Radasında Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. Bu barədə SİA-nın Ukrayna bürosunun rəhbəri Əlmaniz Ələkbərli məlumat verib.

Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətini ilk öncə Ukrayna Ali Radası sədrinin birinci müavini Adam Martinyuk qəbul edib, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın inkişaf dinamikasından danışıb.

Görüşdə qeyd edilib ki, istər mötəbər beynəlxalq tədbirlərdə, istərsə də, Avropa Şurası Parlament Assambleyasının iclaslarında Azərbaycanla Ukraynanın həmişə eyni mövqedən çıxış etmələri, prinsipal məsələlərin həllində bir-birilərinə dəstək vermələri ölkələrimizin strateji müttəfiqlik ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynayır. Görüş zamanı Azərbaycanda həyata keçirilən uğurlu sosial- iqtisai islahatlar haqqında ukraynalı həmkarlarına ətraflı məlumat verən millət vəkili Eldar İbrahimov son illər ölkəmizdə qanunvericilik bazasının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində görülən işlərdən danışaraq Azərbaycan və Ukrayna parlamentləri arasında mövcud olan səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra görüş Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun birgə iclası ilə davam etdirilıb. İclasda çıxış edən deputatlar 2010-cu ildə Azərbaycan Respublikasının perzidenti İlham Əliyevin Ukraynaya, 2011-ci ildə Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. İki dost ölkənin parlamentləri səviyyəsində bu münasibətlərin daha da inkişaf etdirilməsini qarşıda duran ən vacib məsələlərdən biri kimi dəyərləndiriblər. Bu baxımdan Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyanın yaradılması məsələsinın müzakirə olunması da diqqət çəkən amillərdən biri olub.

Daha sonra Ukrayna Ali Radasının deputatı Oksana Belazur çıxış edib:

- Biz ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrini gələcək nəsillərə ötürməliyik. Bizim bugünkü görüşümüzdə Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyanın yaradılması məsələsi geniş müzakirə olundu. Belə bir qurumun yaradılması ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafina təkan verə bilər. Düşünürəm ki, biz buna nail olacağıq.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi, mədəni, qanun yaradıcılığı, o cümlədən, idman və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də geniş müzakirə obyektinə çevrilib.


Əlmaniz Ələkbərli, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə