İldırım Məmmədov: \"Qəbələ RLS Azərbaycan ərazisini təhlükə mənbəyinə çevirir\" - MÜSAHİBƏ
Qəbələ RLS müqaviləsinin yenilənməsi ilə bağlı Rusiya–Azərbaycan danışıqları başlanıb. Müqavilənin yenilənməsinin Azərbaycan üçün təsirləri nə olacaq? Niyə Azərbaycan Rusiya qarşısında konkret tələblər irəli sürmür? Bu məsələlərlə bağlı Hərbi-Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri, ehtiyyatda olan polkovnik İldırım Məmmədovdan SəsTV üçün aldığımız müsahibəni təqdim edirik.
- Azərbaycan üçün strateji əhəmiyyəti olan Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə bağlı Rusiya ilə Azərbaycan arasında danışıqlar başlanıb. Sizcə, bu danışıqlarda Azərbaycanın maraqları necə qoyulmalıdır?
- Ümumilikdə ilk olaraq onu deyə bilərəm ki, ruslar bu cür danışıqlara başlamaqla hansı üsulla olur olsun Azərbaycandan getməməyi hədəfləyiblər. Əgər Rumınıya və Bolqarıstanda 50 nəfərlik NATO heyəti yaradılırsa bu Rusiyanı ciddi narahat edir. Qəbələ RLS ərazisində isə sovet dövründə 5000, indi isə 2500 işçi heyəti var. Hamımız yaxşı bilirik ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Dağlıq Qarabağ kimi problemi olan ölkəmizin arxa cəbhəsində Ermənistana havadarlıq edən ölkənin hərbi bazası olması Azərbaycanın hərbi-siyasi rəhbərliyinə heç bir xeyir verə bilməz. Bəlkə də, Dağlıq Qarabağı hərbi yolla azad etmək üçün addım atsaq Rusiya həmin radiolokasiya stansiyasından təxribat törədəcək. Rusiya dəfələrlə NATO və ABŞ-la bir çox danışıqlarda Qəbələ RLS-dən birgə istifadə etmək fikirlərini ortaya atıb. Mən açıq deyə bilərəm ki, NATO və Qəbələ RLS bir-birinin işini görmək iqtidarında deyil. Çünki hər ikisinin öz işi və fərqli tezlikləri var. Bir sözlə Qəbələ RLS Azərbaycan ərazisini təhlükə mənbəyinə çevirir.
- Qəblə RLS-lə bağlı icarə haqqının 7 milyondan 15 milyona artırılması gözlənilir. Sizcə artan icarə haqqı Azərbaycana dəyən ziyanı ödəyirmi?
- İlk olaraq onu deyim ki, 7 milyon manat barəsində məlumatım və onun təyinatı barədə heç nə deyə bilmərəm. Necə olur ki, Rusiya eynitipli stansiya üçün Ukraynaya 21 milyon, Azərbaycana isə 7 milyon manat ödəyir. Burada əsas məsələ Rusiyanın yanaşma tərzindəki ikili standartlardır. Yəni Rusiya heç bir təhlükəsi olmayan Slavyan ölkəsinə lazım olan dəyəri verə bilir, lakin Cənubda əhəmiyyətli və strateji dəyər daşıyan dövlətə eyni dəyəri vermir. Qəbələ RLS-in ölkəmizə və xalqımıza vurduğu ziyannan danışmağa başlasaq bitirmək çətin olar. Onu qeyd edim ki, bu stansiya ağacların yarpaqlarına belə mənfi təsir edir. Digər tərəfdən isə dünyaya gələn şikəst uşaqlar, qan xəstəlikləri, xərçəng xəstəliklərinin sayının artması və bir sıra digər bu cür fəsadlar hər biri Qəbələ RLS-in nəticələridir. Bütün bu zərərləri pulnan ölçsək 7 milyon da, elə 15 milyon da cüzi rəqəmdir. Yəni 15 milyon maddi zərərin bir qismini qarşılaya bilər, amma mənəvi zərəri əsla!
- Ümumiyyətlə, icarə haqqının, azərbaycanlı hərbçilərin sayının artırılması kimi addımlar Azərbaycan üçün nə ifadə edir? Mümkün deyilmi ki, Azərbaycan Qəbələ RLS qarşılığında Rusiyanın qarşısına daha ciddi tələblər qoysun? Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistana təzyiq göstərməsi kimi...
- Əslində Rusiyanın atdığı addımlar heç də böyük deyil. Yəni, əslində belə də olmalıdır. Dünya standartlarına görə də, hansısa ölkədə açılan hərbi və ya digər bazalarda yerli əhali xidmət göstərməlidir. Qəbələ bizim ərazimizdir. Ruslar bizim öz ərazimizi sanki özümüzə minnətlə istifadəyə verirlər. Bu isə heç bir halda düzgün deyil. Ruslar bizim ərazimizdən istifadə edirsə, bizim şərtlərimizlə razılaşmalıdır. Bəli, Azərbaycan daha ciddi tələblər irəli sürə bilər. Amma mən bunu əminliklə deyirəm ki, Rusiya heç vaxt strateji müttəfiqi olan erməniləri Qəbələ RLS ilə dəyişməz. Sadəcə, Rusiya sanki baş aldatmaqla məşğuldur. Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyini, saxta \"erməni soyqırımı\" məsələsini rusların ortaya atması və bir sıra digər faktları nəzərə alsaq görərik ki, Ermənistanın tək güvənci əslində Rusiyadır. Əgər Rusiya belə havadarlıq etməsəydi Ermənistan çoxdan diz çökmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB