Azərbaycan Prezidenti Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasında aparılan yenidənqurma işləri ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.


SİA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bağçanın binası 1963-cü ildə inşa olunub. Bu, Bakı şəhərində ən böyük uşaq bağçalarından biridir. Dövlət başçısı bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılmış şəraitlə yaxından tanış olub.


Qeyd edilib ki, 240 yerlik bağçada 12 qrup fəaliyyət göstərir. İkimərtəbəli üç korpusdan və bir inzibati binadan ibarət olan bağçanın həyətyanı sahəsi hektar yarımdır. Bağçada əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Əsaslı yenidənqurma işləri ilə yanaşı, bağçanı daimi olaraq isti su ilə təchiz etmək üçün əlavə qazanxana da inşa edilib. Bağçada yanğın əleyhinə xüsusi sistem yaradılıb, təhlükəsizlik kameraları quraşdırılıb.


Burada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olunub. Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı, həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb. Uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə