Azərbaycanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 18-ci iclasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATƏT-in baş katibi Lamberto Zannierlə keçirilmiş görüşdə ATƏT-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı E. Məmmədyarov ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumatlandırıb. L. Zannier ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatını yüksək qiymətləndirib.

Sonra İrlandiya xarici işlər və ticarət naziri Eamon Gilmore ilə görüşən E.Məmmədyarov həmkarı ilə Azərbaycan və İrlandiya arasındakı ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıb. İrlandiyalı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Görüşdə qarşılıqlı səfər mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Daha sonra nazir ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə