Əli Həsənov: "Prezidentin istəyi odur ki, Azərbaycan əhalisinin maddi ehtiyacları birdəfəlik təmin olunsun"

Əli Həsənov: "Prezidentin istəyi odur ki, Azərbaycan əhalisinin maddi ehtiyacları birdəfəlik təmin olunsun"

Azərbaycan Prezidenti İlham Əliyevin son sərəncamları onun yürütdüyü sosial siyasətin bilavasitə məqsədini, vəzifələrini təşkil edir və dövlətin imkanları yaxşılaşdıqca, büdcəsi artdıqca, bu sosial siyasət davam etdiriləcək. Bunu Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


"Cənab Prezident Azərbaycanda bir nəfər də yoxsulun qalmamasını istədiyini dəfələrlə bəyan edib. Prezidentin istəyi odur ki, Azərbaycan əhalisinin maddi ehtiyacları birdəfəlik təmin olunsun və hər bir insan Azərbaycan dövlətinin inkişafına, maddi imkanlarına uyğun olaraq yaxşı yaşasın, firavan, tam təmin olunmuş bir həyat şəraitinə malik olsun", - Həsənov bildirib.


Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, minimum aylıq əməkhaqqının artırılması, sözün əsl mənasında, Azərbaycanın indiki inkişafına adekvat sosial təminat sistemi yaradır: "Onun ardınca müəllimlərin aylıq vəzifə maaşları dövlətin inkişafına adekvat şəkildə artırıldı. Digər kateqoriyaların maaşları da dövlətin inkişafına adekvat şəkildə artırılacaq. Bu siyasət davam etdiriləcək. Bu addım əhali tərəfindən çox müsbət qarşılanır. Gün ərzində Prezident Administrasiyasına daxil olan məktublar, zənglər, mətbuatda ifadə olunan fikirlər onu göstərir ki, insanlar dövlətin, Prezidentin sosial siyasətindən razıdırlar, onların vəziyyətini yaxşılaşdırmağa istiqamətlənən bütün bu addımları dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə