Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Aeroportda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub, mövcud aerovağzal binasının fasadında həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxıb, yeni gətirilmiş EVROCOPTER EC-135 tipli helikopterlərə baxış keçirib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaqdır. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal binasının fasadında da əsaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı burada həyata keçirilən yenidənqurma işləri ilə də tanış olub. Bildirilib ki, mövcud binanın fasadı ən müasir standartlara cavab verən üzlüklərlə yenidən qurulacaqdır. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin və mövcud binada görülən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.

Sonra dövlətimizin başçısı yeni gətirilmiş EVROCOPTER EC-135 tipli təcili yardım helikopterlərinə baxış keçirib. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov helikopterlərin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, fövqəladə hallar şəraitində xilasetmə əməliyyatları zamanı istifadə olunacaq yeni helikopterlər ən müasir təcili tibbi yardım avadanlığı ilə təchiz olunub. İstənilən coğrafi şəraitdə qalxıb-enməyi asanlıqla həyata keçirən bu helikopterlər xüsusi ilə də dənizə enmə imkanlarına da malikdir. Dənizdə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı bu helikopterlər asanlıqla suya enərək, lazımi təcili tibbi yardım və xilasetmə tədbirlərini həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev təcili yardım helikopterləri ilə yaxından tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə