Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, səfir Set Korantenq fəxri qarovul dəstəsinin qarşısından keçib. Set Korantenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir Set Korantenq Qana Respublikasının Prezidenti Con Evans Atta Millsin salamlarını dövlətimizin başçısına çatdıraraq, Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib. O, ölkəsinin Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Set Korantenq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq işlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib. Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən qanalı diplomat iqtisadi inkişafla bağlı Azərbaycanın təcrübəsindən bəhrələnməyin önəmini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın da Qana ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Qana hökumətinə təşəkkürünü bildirib. Dövlətimizin başçısı Prezident Con Evans Atta Millsin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qana dövlətinin başçısına çatdırmağı xahiş edib.


Bütün xəbərlər Facebook səhifəmizdə