Avropa Şurasının komitəsi azərbaycanlı deputatı məruzəçi təyin edib
Avropa Şurası Parlament Assambleyasının Fransa paytaxtındakı ofisində Hüquq məsələləri və insan hüquqları komitəsinin növbəti iclası bir sıra ümumavropa əhəmiyyətli məsələlərin geniş müzakirəsi ilə yadda qalıb. Bu məruzələrin bir qismi Avropa İnsan haqları Konvensiyasının üzv ölkələrdə tətbiqi və bu istiqamətdə mövcud problemlər barədə olub. Eyni zamanda, həmin toplantıda terrorizmə qarşı mübarizə məsələsi ətrafında da diskussiya aparılıb.
SİA-nın xəbərinə görə, iclasda AŞPA Hüquq məsələləri və insan hüquqları komitəsinin oktyabrın 6-da Strasburqda, payız sessiyası çərçivəsində keçirilmiş iclası ilə bağlı rəsmi sənəd də təqdim edilib. Həmin sənəddə almaniyalı deputat Kristof Ştrasserin hazırladığı məruzənin adının, istiqamətinin və formatının dəyişdirilməsi, siyasi məhbuslar probleminin ayrıca götürülmüş bir ölkədə deyil, digər üzv ölkələrdə də araşdırılması haqqında komitənin qərarı əksini tapıb. Bu isə uzun və çox vaxt aparan, araşdırmalar tələb edən bir prosesdir. Ona görə də AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin indiki iclasında bu mövzuda dinləmələr aparılacağı ilə əlaqədar irəlicədən elan etdiyi qərar da dəyişib, həmin məsələ gündəlikdən çıxarılıb, qeyri-müəyyən müddətə qədər təxirə salınıb. Beləliklə, bəzi mətbuat orqanlarında bununla bağlı yaradılmış süni hay-küyə faktiki olaraq AŞPA komitəsi nöqtə qoyub.
Komitə iclasında növbəti sessiyalarda dinlənilmək və müzakirə edilmək üçün Avropa Şurası Bürosunun məruzəçi təyin edilməsini tövsiyə etdiyi bir sıra problemlər ətrafında da fikir mübadiləsi aparılıb. Hüquq məsələləri və insan hüquqları komitəsinin üzvü Rafael Hüseynov belə mühüm məsələlərdən biri üzrə komitə üzvlərinin yekdil rəyi ilə məruzəçi təyin edilib. "Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması" adlı həmin məruzə azərbaycanlı deputatın bu mötəbər qurumda hazırlayacağı 9-cu məruzədir. Elə bu faktın özü də Avropa Şurasının Azərbaycanla əməkdaşlığa nə qədər əhəmiyyət verməsinin, bu mötəbər qurumda təmsil olunan Azərbaycan nümayəndələrinə inam və etibarının daha bir təsdiqidir.
Yeni hazırlayacağı məruzə ilə bağlı deputat Rafael Hüseynov AzərTAc-ın müxbiri ilə söhbətində deyib: "Hələ 2001-ci ildə, Azərbaycanın Avropa Şurasında həqiqi üzv kimi fəaliyyətə başladığı ilk günlərdə dövlətimizi bu mühüm beynəlxalq təşkilatda təmsil edən nümayəndə heyətinin ilk rəhbəri Prezident İlham Əliyev belə bir xətt müəyyənləşdirmişdi ki, ölkəmizin mənafeyini burada mütəmadi şəkildə müdafiə etmək, bizim üçün vacib məna daşıyan problemləri qaldırmaqla yanaşı, Ümumavropa məsələlərinin müzakirələrində də fəal iştirak edək, Avropa Şurasının özünün inkişafına töhfələrimizi verək. Elə indi mənə həvalə olunan məruzə də həmin qəbildəndir. Avropa Şurasının hazırda 47 üzvü var. ABŞ, Kanada, Meksika, İsrail müşahidəçi statusunda bu qurumla bilavasitə bağlıdırlar. Lakin həm Avropa Şurası vaxtaşırı olaraq ümumdünya məsələlərini gündəliyinə salır, həm də yalnız Avropanın deyil, digər qitələrin də bir çox ölkələri AŞPA ilə iş birliyi qurmağa ciddi təşəbbüslər edir. Avropa Şurasında qəbul etmiş konvensiyaların ana xəttini qanunun aliliyi və insan haqları təşkil edir. Qeyri-üzv dövlətlərin həmin konvensiyalara qoşulması ilə dünyada demokratik məkanın genişlənməsi perspektivləri də artır. Hazırlayacağımız məruzədə bu məsələnin müxtəlif təfərrüatları araşdırılacaq, ideyanın müsbət həllinə yönələn yeni modellər irəli sürüləcəkdir".
AŞPA-nın tələblərinə görə, hər məruzənin hazırlanmasına bir il, il yarım vaxt ayrılır. Deputat R.Hüseynovun bu məruzənin hazırlanması çərçivəsində qarşıdakı ildə tədqiqatlar aparmaq məqsədi ilə Avropa Şurasının xətti ilə bir sıra üzv və qeyri-üzv dövlətlərə ezam ediləcəyi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB