Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar rayonuna səfərə edib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ərazi əsaslı surətdə yenidən qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, müasir park salınıb. Üç hektara yaxın sahəsi olan parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilib. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilib.
Parkın ərazisində ulu öndərin adının əbədiləşdirilməsi və onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi inşa olunub. Şərq memarlıq üslubunda inşa olunan üçmərtəbəli mərkəzin tikintisinə 2009-cu ilin fevralında başlanılıb. Şəhərin ümumi görünüşünə xüsusi gözəllik verən mərkəz ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu öyrənməyə, Azərbaycan tarixinin bütöv bir mərhələsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarov ilə görüşüb.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı var. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə, o cümlədən Ucar rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda, həmçinin ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin akt zalına baxıb. Orijinal dizaynda yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzin ikinci mərtəbəsində ümummilli liderin büstü ucaldılıbr. Buradakı tədris siniflərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısı barədə məlumat veriləcək. Burada, həmçinin xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil olunacaq. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulub.
Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulub. Mərkəzlə yaxından tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti adından çıxış edən Gülzar İsrayılova dövlətimizin başçısına ucarlılar adından minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB