AMEA Əlyazmalar İnstitutunun direktoru vəfat edib

AMEA Əlyazmalar İnstitutunun direktoru vəfat edib

Görkəmli ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Məmməd Adilov oktyabrın 16-da ömrünün 57-ci ilində vəfat edib.


Məmməd Adilov 1953-cü il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini bitirib. 1976-1977-ci illərdə Şəki şəhərindəki orta məktəbdə müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ərəb dili kurslarında müəllim işləyib. 1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə AMEA Əsaslı Kitabxanasında baş redaktor işləyib, elə həmin ildən AMEA Əlyazmalar İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildə həmin institutun direktoru vəzifəsinə seçilib.



1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.



2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif olunub.



Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə