Nyu-York şəhərində BMT Baş Assambleyasının 66-cı sessiyasının işində iştirak edən Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov və Kolumbiya Respublikasının Xarici İşlər Naziri Maria Anxela Olqin Kueyar (María Ángela Holguín Cuellar) arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələləri, habelə təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər, Azərbaycan və Kolumbiya Xarici İşlər Nazirlərinin növbəti 2012-ci il ərzində qarşılıqlı səfərlərinin həyata keçirilməsi haqda razılıq əldə ediblər.
Görüş zamanı, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş" imzalanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə müqavilə–hüquq bazasının gələcəkdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin regional və beynəlxalq proseslərə dair qarşılıqlı fikir mübadiləsi aparıblar. Görüşdə, Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı Səfiri İlqar Muxtarov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB