Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin əsas salonuna Nuru Paşanın adı verilib
Türkiyənin Azərbaycandakı səfirliyi Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 93 illik yubileyini qeyd edib. SİA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və ictimaiyyət nümayəndələri ilk olaraq Bakının erməni-bolşevik işğalından azad edilməsi günü münasibəti ilə Türk Şəhidliyi və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra tədbir Azərbaycanın ictimai-siyasi təşkilatlarının, Bakıda fəaliyyət göstərən türk iş adamlarının, millət vəkillərinin iştirakı ilə səfirlikdə davam etdirilib. Öncə Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin əsas salonuna Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı verilib. Səfir Hulusi Kılıç və hərbi attaşe Yücəl Karauz salonun girişində Nuru Paşanın adi yazılmış lövhəni açıblar.
Yeni açılan salonda Türkiyənin TRT kanalının Bakı nümayəndəliyinin hazırladığı film nümayiş olunub. Daha sonra tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı 1918-ci ildə Qafqaz-İslam Ordusunun Bakını azad etməsi ilə bağlı geniş məlumat verib. O, bildirib ki, Bakının azad olunması mühüm tarixi hadisələrindən biri olub: "15 sentyabr Cümhuriyyətin elan edilməsi günü qədər əhəmiyyətlidir. Bu gün eyni zamanda Azərbaycanın təbii, tarixi, siyasi, iqtisadi, mədəni fikir paytaxtının yadelli qüvvələrdən azad olunması tarixidir".
O, qeyd edib ki, Bakı şəhərinin azad edilməsi üçün xarici amil Osmanlı imperiyası oldu: "Bu da səbəbsiz deyildi. Çünki Osmanlı türklüyün və islamın mərkəzi idi, o, türk və müsəlman dünyası qarşısında bir mənəvi məsuliyyət daşıyırdı. Digər tərəfdən Osmanlı- Türk əsgərinin Azərbaycana gəlməsinin hüquqi-siyasi səbəbləri var idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB