Bu gün BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək
Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, sessiyaya qətərli diplomat Naser Abdel Əziz ən-Naser sədr seçilib. Yeni sessiya çərçivəsində 21-27 sentyabr tarixlərində ümumi siyasi diskussiyalar aparılacaq. 66-cı sessiyanın gündəliyinə 168 məsələ daxil edilib.
BMT Baş Məclisinin bu gün başlayacaq 66-cı sessiyasının gündəliyinə digər beynəlxalq problemlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də daxil edilib. Sessiyanın iştirakçıları mövzu ilə bağlı iki məsələni - "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"i müzakirə edəcəklər.
Hər iki məsələnin sessiya çərçivəsində dekabrın 12-də müzakirəsi gözlənilir.
Sözügedən sənədlər Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın üzvləri tərəfindən hazırlanıb və ilk dəfə BMT Baş Məclisinin 63-cü sessiyasına təqdim edilib. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə layihəsinə uyğun olaraq, Baş Məclis Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bitişik rayonlardan deportasiya olunmuş əhalinin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun vacibliyini qeyd edir. Sənəd ATƏT-ə münaqişə zonasına təcili olaraq müvafiq ekspert biliklərinə malik çoxmillətli missiya göndərib beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində beynəlxalq standartlara riayət edilməsi məsələsini araşdıraraq məruzə hazırlamağı təklif edir.
Qeyd edək ki, "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" haqqında məsələ hələ 2004-cü ildə BMT Baş Məclisinin gündəliyinə daxil edilib. 2008-ci ildə Baş Məclis rəsmi Bakının təşəbbüsü ilə ilk dəfə qətnamə qəbul edərək "erməni qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa" çağırıb.
Məsələnin yenidən beynəlxalq təşkilatın gündəliyinə çıxarılması işğal faktının davam etməsi ilə əlaqədardır. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası indiyədək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair dörd qətnamə qəbul edib. Digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə bu məsələni müzakirə edib. Beynəlxalq birlik tərəfindən qəbul olunmuş bütün müvafiq qətnamələrdə Ermənistanın təcavüzkarlıq siyasəti birmənalı şəkildə pislənir, işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB