Parisdə xoşməramlı səfirlərin 11-ci illik toplantısı keçirilib

Parisdə xoşməramlı səfirlərin 11-ci illik toplantısı keçirilib

Bu gün Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplantıda iştirak edib.

SİA-nın aldığı məlumata görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında baş direktor İrina Bokova qarşılayıb. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri ilə görüşüb. Xoşməramlı səfirlər Azərbaycanın birinci xanımını böyük hərarətlə qarşılayıblar.

Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək bütün dünyada YUNESKO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar YUNESKO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. YUNESKO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da fəal iştirak edirlər. Sadalanan bütün bu amilləri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva öz fəaliyyətində prioritet məsələ kimi rəhbər tutur. Məhz buna görədir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun prezidenti kimi bütün dünyada çox böyük nüfuza malikdir.

25 xoşməramlı səfirin iştirak etdiyi toplantını YUNESKO-nun baş direktoru İrina Bokova açıb.

Səfirləri salamlayan İrina Bokova ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verib. İrina Bokova bildirib ki, YUNESKO dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxlayır. Baş direktor dövlətlər və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını deyib. YUNESKO-nun baş direktoru bir müddət əvvəl Haitidə baş verən təbii fəlakətin aradan qaldırılması üçün daim öz nəcib təşəbbüsləri ilə seçilən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirib, ona dərin minnətdarlığını bildirib.

YUNESKO-nun xoşməramlı səfirlərinin növbəti toplantısının böyük əhəmiyyət daşıdığını deyən İrina Bokova təşkilatın xoşməramlı səfirlərinin sırasına daha beş yeni üzvün əlavə olunduğunu bildirib.

Sonra xoşməramlı səfirlərin sonuncu görüşündən ötən dövr ərzində dünyasını dəyişən iki xoşməramlı səfirin xatirəsi yad edilib.

Daha sonra çıxışlar olub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış edib.

Xoşməramlı səfirlərin 11-ci toplantısında YUNESKO-nun fəaliyyəti ilə bağlı məsələlər və təşkilatın dəyərlərinin dünyada dəstəklənməsi yolları müzakirə edilib. Sonra YUNESKO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə və təbii fəlakətlərdən sonrakı vəziyyət, "Təhsil hamı üçün-2011" Ümumdünya məruzəsinin təqdimatı və digər məsələlərlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb. Bundan başqa, toplantıda iştirakçılar gənclərin problemləri, vətəndaşların sülhün və mədəniyyətlərarası dialoqun möhkəmlənməsindəki iştirakının genişləndirilməsi məsələlərinə toxunublar.

Bildirilib ki, YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.

Sonda xatirə şəkli çəkdirilib.


YUNESKO-nun mənzil qərargahında Heydər Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də təqdim olunub. Burada Azərbaycanın müasir inkişafını əks etdirən şəkillərlə yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da maraqlı fotoları var idi. Bundan başqa, Fondun Azərbaycan tarixi və mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə kataloqları da maraqla qarşılanıb. Avropa ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti, tarixi irsi haqqında Avropada daha güclü təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox böyük əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə