ASAİF IX ənənəvi “Bakı gənclər şəhəri” yay forumu keçirilib-TƏDBİR-FOTOSESSİYA

ASAİF IX ənənəvi “Bakı gənclər şəhəri” yay forumu keçirilib-TƏDBİR-FOTOSESSİYA

Bu gün \"Kempinski Hotel Badamdar\"da "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" ASAİF IX ənənəvi "Bakı gənclər şəhəri" yay forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək beynəlxalq forumda 37 ölkədən 400-dən çox gənc tələbə iştirak edir. Forumda dövlət rəsmilərindən Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanlı, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ictimai siyasi xadimlər və dünyanın müxtəlif ölkələridə təhsil almış gənclər iştirak ediblər. Forumun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşən prosesini gücləndirmək, ortaq azərbaycanlılıq dəyərləri əsasında birləşərək ölkəmizin xaricdə təbliğatını daha da effetktiv təşkil etməyə kömək etmək, onların informasiya mübadiləsini və təbliğat işini günün mütləq tələbi olan internet üzərində qurulmasına yardım etməkdir.


Tədbiri giriş sözü ilə açan ASAIF sədri Orxan Əkbərov forum haqqında ətraflı məlumat verib.


Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov son 20 ildə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini deyib. Bu inkişafın təhsil sahəsində də hiss edildiyini deyən nazir vurğulayıb ki, son 1-2 ayda Azərbaycan prezidenti 20-ə yaxın təhsil mərkəzində olub: "Bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var. Bu il ali məktəbi əla qiymətlərlə bitirənlər öz biliklərini doğruldublar. Cari il 11-ci sinif şagirdi beynəlxalq olimpiada da gümüş medal qazanıb. Bundan əlavə, bu gün azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində təhsil almasına lazımi şərait, yüksək təlim-tərbiyə mühiti yaranıb. Azərbaycanlıların xaricdə təhsil alması nəzarətdə saxlanılır ki, həmin şəxslərin sonradan Azərbaycanda işlə təmin olunması məsələsi həll edilsin. Azərbaycan bu gün dünyanın ən stabil, iqtisadiyyatı sürətlə inkişaf edən ölkəsi kimi tanınır və ölkə rəhbərliyi təhsil sahəsinə xüsusi diqqət yetirir".


Tədbirin davamında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hər il paytaxtda xarici ölkələrdə təhsil alan və məzun olan azərbaycanlı gənclərin forumu keçirilir. Onun sözlərinə görə, bu forumlarda bir növ görülən işlərə qiymət verilir və gələcəkdə görüləcək işlərin istiqamətləri müəyyən edilir: "Son illər xaricdə təhsil alan Azərbaycan gənclərinin fəallığı artıb, aparıcı Avropa ölkələrinin paytaxtlarında, parlamentlərində hər il forumlar keçirilir və burada gəncləri narahat edən, Azərbaycan üçün önəmli olan məsələlər müzakirə edilir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramı təsdiq edilib və burada Bakı Gənclər Mərkəzlərinin və regionlarda "Gənclər Evləri"nin inşa edilməsi, gənclərin kadr bankının yaradılması, xaricdə təhsil alıb qayıdan gənclərin işlə təmin edilməsi nəzərdə tutulub. Xaricdə oxuyan tələbələrin \"Azərbaycanın gənc dostları\" proqramının həyata keçirilməsində və digər layihələrdə fəal iştirakını arzu edirəm\".


Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev isə çıxışında xaricdə azərbaycanlı tələblərin təhsil alması üçün bütün şəraitlərin yaradıldığını söyləyib. Onun sözlərinə görə, hər bir xaricdə təhsil alan tələbələr həm də hakimiyyətin həyata keçirdiyi siyasəti dəstəkləməlidir: "Bu gün ADA-da 14 ölkədən tələbələr təhsil alır. Bu da ölkədəki yüksək təhsil göstəricilərindən xəbər verir. Biz istərdik ki, xarici ölkələrdə təhsil alan hər bir azərbaycanlı tələbə olduqları yerlərdə Azərbaycanın səfiri kimi olsunlar".


Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə qeyd edib ki, forumda 37 ölkədən 450 gəncin təmsil olunması Azərbaycanın iqtisadi, siyasi gücünün əyani sübutudur. Onun sözlərinə görə, bu gün Azərbaycanın sabit maliyyə imkanları ölkə gənclərinə xarici ölkələrdə təhsil almaq imkanı yaradır: \"Son illər ərzində bir çox nailiyyətlər əldə olunub. Azərbaycanın informasiya müharibəsindəki uğuru xaricdə yaşayan həmvətənlər və təhsil alan gənclərlə də bağlıdır. Gələcək uğurlar, informasiya mübadiləsində əldə edə biləcək nailiyyətlər onlarla əlaqəlidir. Təbii ki, əldə etdiyimiz uğurlarla yanaşı bəzi problemlərimiz də var. Belə ki, ən vacib problemimiz isə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu gün yaşadığı yerindən, sosial rifahından asılı olmayaraq hər bir azərbaycanlı çalışmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi haqqında təhrifsiz məlumatları dünya birliyinə çatdırsın. Nə qədər ki, Ermənistan öz qeyri-kontruktiv mövqeyindən çəkinməyəcək, bölgədə sülh və əmin-amanlıq olmayacaq. Bunu bilin, təbliğ edin və aktiv olun".


Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və millət vəkili Səməd Seyidov təbriklə bağlı öz fikirlərini bölüşüblər.


Forum işçi qrupları mövzularının açıqlanması və müzakirəsi ilə öz işini davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə