Mübariz Əhmədoğlu: “Münaqişə artıq müharibə ilə həll olunacaq səviyyəyə gəlib çatıb\"

Mübariz Əhmədoğlu: “Münaqişə artıq müharibə ilə həll olunacaq səviyyəyə gəlib çatıb\"

Bu gün Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun "Qarabağ günü" adlı növbəti mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbir ötən bir ay ərzində Ermənistan Azərbaycan "Dağlıq Qarabağ" problemi ətrafında cərəyan edən hadisələrə həsr edilib. SİA-nın verdiyi məlumata görə, çıxışı zamanı politoloq bildirib ki, bu zamana qədər münaqişənin həlli istiqamətində tənzimləyici rol oynayan dövlətlər münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyirdilər: \"Amma mən deyə bilərəm ki, onların bu \"səyi\" nəticəsində münaqişə sülhlə yox, artıq müharibə yolu ilə həll olunacaq səviyyəyə gəlib çatıb". Politoloq onu da qeyd edib ki, ATƏT və digər təşkilatlar ermənipərəst mövqe saxlayaraq problemi danışıqlar yolu ilə yubadır. Bundan başqa M.Əhmədoğlu qeyd edib ki, istər Rusiyanın, istərsə də Amerikanın ən ümdə marağı Dağlıq Qarabağ məsələsinin onların istədiyi vaxtda həll olunmasıdır: \"Rusiya bu məsələni özünün ən güclü vaxtında həll etmək istəyir ki, Qərbi regiondan sıxışdırıb çıxarsın. Qərb isə bu məsələni elə vaxtda həll etmək istəyir ki, Rusiya bu regiondan çıxsın. Belə bir şəraitdə isə Azərbaycanın apardığı siyasət məntiqəuyğundur. Buna görə də, Azərbaycan MDB-nin sammitində çıxış etməyəcək. Artıq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, danışıqlarda sırf danışıqlar getsin deyə iştirak eləmir. Düşənbədəki üç tərəfli görüşdə Rusiya öz imicini qoruyacaq, Ermənistan immitasiya edəcək. Bəs, Azərbaycan nə qazanacaq? Heç nə\".

Bundan başqa politoloq Türkiyənin NATO-nun hava raketlərindən müdafiə qurğusunu ərazisində yerləşməsi məsələsinə toxunub və bildirib ki, əgər Türkiyə buna icazə versə, artıq Rusiyanın edə biləcəyi heç nə olmayacaq: \"Çünki Rusiyanın Türkiyənin qarşısına qoya biləcəyi tutarlı məsələsi yoxdur, amma Türkiyənin var. Birinci Dağlıq Qarabağ məsələsi və Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması-məhz bu nüanslar bizə imkan verir ki, biz oktyabr ayının sonunda baş verəcək hadisələrə inamla baxaq. Əgər Rusiya vaxtında Dağlıq Qarabağ məsələsini həll etsəydi, indi Türkiyə NATO ilə bu sövdələşməyə getməzdi. Rusiya axırda elə edəcək ki, Dağlıq Qarabağ məsələsi ona heç nə qazandırmayacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə