İran Azərbaycanın etiraz notasına cavab verib

İran Azərbaycanın etiraz notasına cavab verib

İran Azərbaycanın etiraz notasına cavab verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Elman Abdullayev SİA-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycan tərəfi məktubun məzmununu nəzərdən keçirir.

Məktubun məzmununa gəlincə E. Abdullayev bu barədə açıqlama verməyib.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına İran KİV-lərində yayılmış bəyanatları ilə bağlı İranın Bakıdakı səfiri Məhəmmədbağır Bəhrami Azərbaycana XİN-ə dəvət olunub.

Xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib. XİN-in notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq münasibətləri, qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan XİN İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.

Xatırladaq ki, İran generalı Azərbaycan rəhbərliyini islama hörmətsizlikdə ittiham edərək, bu siyasətin ölkə müsəlmanlarının etirazlarına səbəb ola biləcəyi xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə