Erməni politoloq: “Baş verən son hadisə Gürcüstanla münasibətdə erməni siyasətinin iflasa uğradığını göstərir”

Erməni politoloq: “Baş verən son hadisə Gürcüstanla münasibətdə erməni siyasətinin iflasa uğradığını göstərir”

"Gürcüstan hazırda Ermənistana qarşı 1918-1920-ci illərdə menşevik Gürcüstanının göstərdiyi münasibəti davam etdirir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu fikirləri Ermənistanda keçirilən mətbuat konfransı zamanı siyasi elmlər doktoru Levon Şirinyan səsləndirib. Onun sözlərinə görə, hətta Gürcüstan prezidenti Mixail Saakaşvilinin son bəyanatı da bunu sübut edir. Şirinyan qeyd edib ki, o zaman olduğu kimi Gürcüstan Ermənistanda hökm sürən çətinlikdən, qarışıqlıqdan istifadə etməyə və ondan müxtəlif mövzularda maksimal güzəşti əldə etməyə çalışır. O həmçinin Ermənistanın Gürcüstana qarşı siyasətini və Saakaşvilinin bəyənatına qarşı Ermənistan XİN-nin passivliyini sərt şəkildə tənqid edib. Şirinyan vurğulayıb ki, baş verən hadisə Gürcüstanla münasibətdə erməni siyasətinin iflasa uğradığını göstərir. Onun sözlərinə görə, Gürcüstan prezidentinin bəyənatı Ermənistana yox, Rusiyaya ünvanlanıb və onun fikrincə, öz bəyənatı ilə Saakaşvili Gürcüstanda yaşayan erməniləri təhqir edib.

Xatırladaq ki, "The Business Year" jurnalının Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi nömrəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ümumi coğrafi vəziyyət və tarixi nəzərə alaraq Gürcüstan və Azərbaycan bir-birinin arxasında durmalıdır: "Bir ümumi maraqları bölüşürük və sıx əlaqələrə malikik. Mən əminəm ki, bizim birliyimiz, yaxşı münasibətlərimiz və birgə uğurlarımız sayəsində ölkələrimiz yaxşı gələcək qura biləcək. Hər iki ölkə həll edilməmiş münaqişələrlə bağlı ciddi problem yaşayır, Azərbaycana və Gürcüstana qarşı hər bir opponent bizim hər ikimizin düşmənidir. Bizim gücümüz birlikdədir və bunlar boş sözlər deyil, reallıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə