Qulu Məhərrəmli: “Bəzi qəzetlər o qədər rəngli şəkillər verir ki, sanki ev albomuna baxırsan”- MÜSAHİBƏ (SƏS TV)
Media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin SƏS TV-yə müsahibəsi:
- Ötən il Milli Mətbuatımızın 135 illik yubileyini qeyd etdik. Ötən bu bir ili Azərbaycan mətbuatı hansı uğurlar və problemlərlə qeyd edir?
- Mətbuatı ilbəil təhlil etmək çox çətindir. Çünki mətbuat daha çox konseptual istiqamətlərdə inkişaf edir və yaxud onun problemləri ümumiləşdirilmiş şəkildə çatdırıldıqda vəziyyətin necə olduğu aydın olur. Bu gün mətbuatımızda olan uğurlar ondan ibarətdir ki, Azərbaycanda söz və mətbuat azadlığı var. Yəni ki, Azərbaycanda qəzet nəşr etdirmək problem deyil. İnternet də azaddır. İnformasiya yayımlanması üçün kifayət qədər imkanlarımız var. Yazılı mediaya və televiziyaya qayıtsaq o zaman bir çox problemlərimizin olduğunun şahidi olacağıq. Təbii ki, bu problemlər 1 ilin ərzində yaranmayıb. Əvvəlki problemlər öz həllini tapmayana qədər vəziyyət daha da çətinləşəcək. İlk problemimiz ondan ibarətdir ki, mətbuatımızın əlvanlığı itib. Mətbuatımızda təbliğat getdikcə daha da güclənir. Bu da təbii ki, medianın fəlsəfəsinə ziddir. İkincisi isə peşəkarlıq aşağı düşür. Üçüncüsü, mətbuatımızda plüralizm, yəni fikir müxtəlifliyi azalır. Bütün bu problemləri demədikcə çoxları elə düşünür ki, biz bunları görməzdən gəlirik. Ancaq faktiki olaraq bu problemlər göz önündədir. Bir tərəfdən bizdə mətbuat azadlığı var, digər tərəfdən mətbuat cəmiyyətin tələblərini, problemlərini əks etdirə bilmir. Bizdə media cəmiyyətin siyasi strukturuna uyğun olaraq bölünüb.
Çalışmalıyıq ki, mətbuat daha çox azad olsun. Mətbuat nə qədər azad olarsa, o zaman problem açıq, dəqiq və dürüst göstərilə bilər. Bizim əsas işimiz cəmiyyəti düzgün şəkildə məlumatlandıra bilməkdir. Hazırda insanların qəzetə olan meyli azalıb. Qəzetlər öz günahlarına görə oxucular arasında olan inamını itirib. Bu məsələ isə çox ciddi problemdir. Medianın iqtisadi bazasını gücləndirmək üçün Azərbaycanda tədbirlər görülür. Bunun üçün xüsusi fond fəaliyyət göstərir. Ancaq qəzetlər isə sərbəst bazar uğrunda çalışmalıdırlar. Buna görə də azad bazar yaradılmalıdır. Bizim bir çox sahələrdə problemlərimiz mövcuddur.
- Azərbaycan mətbuatını digər qonşu ölkələrin mətbuatı ilə müqayisə etdikdə hansı nəticələrə gəlmək olar?
- Əgər bu sual 10 il bundan əvvəl verilsə idi, o zaman deyə bilərdim ki, Azərbaycan mətbuatı Cənubi Qafqaz ölkələri arasında ən inkişaf edən mətbuatlardan biri idi. Çünki bizdə peşəkar jurnalistlərin sayı, ictimai fikrə təsir edə biləcək qəzetlərin sayı və Azərbaycan mətbuatının məzmunu qat-qat yüksək idi. Hazırda isə bir az Gürcüstan mətbuatında canlanma var. Bu canlanma daha çox televiziyalarda müşahidə olunur. Bütün mətbuatda vəziyyət demək olar ki, eynidir. Misal olaraq, bu yaxınlarda bir sıra qəzetlərimiz rəngli çapa keçiblər. Ancaq bu heç də onlara xeyir etmir. Hətta bəzi qəzetlər o qədər rəngli şəkillər verir ki, sanki ev albomuna baxırsan. Televiziya kanallarında olan uğurlar da ondan ibarətdir ki, ayrıca mədəniyyət, idman kanalları açılıb. Hazırda Ermənistan mətbuatı çox susqun və ölü vəziyyətindədir. Hazırda biz Rusiya və Türkiyə mətbuatının örnəklərindən yararlana bilərik. Auditoriya ilə işləməyi Rusiya qəzetlərindən, plüralizmi təmin etmək baxımından Türkiyə mediasının örnəkləri çox vacibdir. Keçid mərhələsini yaşadığımıza görə, təbii ki, bir sıra problemlərimiz var. Ancaq onu da unutmayaq ki, Azərbaycan mediası Azərbaycan cəmiyyətinin formalaşmasına çox böyük təsir göstərib. 136 illik təcrübə bunu bir daha göstərir.
- Mövcud problemləri nəzərə alaraq Azərbaycan mətbuatının gələcəyini necə görürsünüz?
- İqtisadi baxımdan müəyyən uğurlarımız var. Dövlətimizin onlara dəstəyi var. Ancaq nə vaxta qədər oxucu auditoriyası olmayan qəzetlərə maliyyə vəsaiti ayrılmalıdır? Düşünürəm ki, bu maliyyələşdirmə işi müvəqqəti olmalıdır. Bizim qəzetlər indiki sükunətlərini, passivliyini saxlasalar o zaman mətbuatın gələcəyi haqqında çox bədbin danışmalı olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB