Koreya Dünya Səyahət Sərgisində ermənilərin təxribatının qarşısı alınıb

Koreya Dünya Səyahət Sərgisində ermənilərin təxribatının qarşısı alınıb

İyunun 2-dən 5-dək Koreyanın paytaxtı Seulda keçirilmiş 24-cü Koreya Dünya Səyahət Sərgisində müxtəlif ölkə nümayəndələri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bir sıra turizm təşkilatları "Azərbaycan Respublikası köşkü" ilə təmsil olunub, respublikamızın turizm məkanları haqqında sərgi iştirakçılarına məlumatlar verərək materiallar paylayıblar.

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Koreya Dünya Səyahət Sərgisində Ermənistan tərəfdən "Armintour" adlı (www.armintour.com) səyahət şirkəti iştirak edib.

Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən "Armintour" şirkətinin payladığı səyahət broşürlərinin birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinin adlarının da əlavə olunduğu aşkar edilib, məsələ ilə bağlı dərhal Koreya Dünya Səyahət Sərgisinin təşkilat komitəsinə müvafiq müraciət ünvanlanmaqla yanaşı, sərginin təşkilatçısı olan "KOTFA" şirkətinin prezidenti ilə görüş keçirilib. Görüşdə dövlət və ya özəl səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan ərazilərinə turist marşrutlarının təşkilinin beynəlxalq qanuna zidd olduğu və Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozduğu bildirilib.

Səfirlik tərəfindən daha sonra erməni tərəfinin bu kimi addımının istənilən beynəlxalq sərginin, o cümlədən Koreya Dünya Səyahət Sərgisinin imicinə xələl gətirə biləcəyi vurğulanıb, sözügedən broşürlərin erməni köşkündən yığışdırılması xahiş edilib.

Koreya tərəfi Azərbaycanın mövqeyinin anlaşılan olduğunu bildirməklə yanaşı, işğal olunmuş ərazilərin səyahət marşrutlarına salınmasının və bunların reklam broşürləri vasitəsilə yayılmasının yolverilməz olduğunu qeyd edib.

Koreya tərəfi həmçinin, həmin broşürlərin Koreya Dünya Səyahət Sərgisindən çıxarılacağını, eləcə də cari il ərzində Koreyada keçirilməsi nəzərdə tutulan digər beynəlxalq sərgilər zamanı (14-cü Busan Beynəlxalq Səyahət Sərgisi, 02-05 sentyabr 2011) erməni tərəfindən paylanmasının qarşısının alınacağını diqqətə çatdırıb.

Sonradan Səfirlik tərəfindən erməni köşkünə keçirilmiş növbəti baxış zamanı haqqında danışılan broşürlərə təsadüf edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə