"Azərbaycan mətbuatı milli şüurun və müstəqillik ideyasının daşıyıcısı olub" - BƏHRUZ QULİYEV
"Azərbaycan mətbuatı uzun və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən yaradılan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyuldu. Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan xalqının milli özünüdərk prosesində mühüm rol oynadı".
SİA xəbər verir ki, bu sözləri tədbirdə çıxışı zamanı "Səs" qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, qəzet maarifçilik ideyalarını yayır, kənd təsərrüfatı, elm, təhsil və cəmiyyətin inkişafı ilə bağlı məsələləri gündəmə gətirirdi.
“Əkinçi”dən sonra Azərbaycan mətbuatında yeni mərhələ başladı. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal” kimi nəşrlər milli düşüncənin formalaşmasına böyük töhfə verdi. Xüsusilə “Molla Nəsrəddin” jurnalı dövrün ictimai-siyasi problemlərini satira və karikatura vasitəsilə cəmiyyətə çatdıraraq mühüm missiya yerinə yetirdi. Jurnalın ətrafında toplaşan ziyalılar sonradan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da mühüm rol oynadılar.
Azərbaycan mətbuatının inkişafı milli ideyanın formalaşmasına, müstəqillik düşüncəsinin yayılmasına xidmət etdi. Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər ziyalılar həm mətbuat, həm də siyasi fəaliyyət sahəsində xalqın maariflənməsi üçün çalışdılar.
Sovet dövründə mətbuat müəyyən ideoloji çərçivələr daxilində fəaliyyət göstərsə də, bu sahədə peşəkar kadrların yetişməsinə və jurnalistika ənənələrinin qorunmasına imkan verdi.
Jurnalistika hər zaman böyük məsuliyyət tələb edən, cəmiyyətə xidmət missiyası daşıyan bir peşə olub. Jurnalist yalnız məlumat çatdıran şəxs deyil, eyni zamanda ictimai fikrin formalaşmasına təsir göstərən, həqiqətləri araşdıran və insanların səsinə çevrilən peşə sahibidir.
Azərbaycan jurnalistlərinin peşəkarlığı və fədakarlığı daim diqqət çəkib. Müxtəlif səfərlərdə və görüşlərdə jurnalistlərin hadisələrə yanaşması, obyektivlik və peşəkarlıq nümayiş etdirməsi bu sahənin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Jurnalistika çətin, bəzən riskli, lakin şərəfli peşədir. Bu sahədə çalışan insanlar cəsarətli olmalı, dövlətçilik prinsiplərini və ictimai maraqları nəzərə alaraq fəaliyyət göstərməlidirlər. Azərbaycan mətbuatının inkişafında jurnalistlərin böyük əməyi var.
Mətbuatın azad inkişafı üçün mühüm addımlardan biri də senzuranın ləğvi oldu. 1998-ci ildə Azərbaycanda senzuranın aradan qaldırılması mətbuat tarixində mühüm mərhələ hesab edilir. Bu qərar jurnalistikanın inkişafına, söz və fikir azadlığının genişlənməsinə yeni imkanlar yaratdı.
Bu gün Azərbaycan mətbuatı qarşısında böyük məsuliyyət dayanır. Əsas məqsəd peşəkarlığı qorumaq, cəmiyyətə doğru və obyektiv informasiya təqdim etmək, milli maraqlara xidmət edən jurnalistika ənənələrini davam etdirməkdir.
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB