“Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

“Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

"Hazırda Azərbaycanın silahlı qüvvələri, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə bu səviyyəyə birdən birə nail olmamışıq. İllərdir aparılan ordu quruculuğu siyasəti 44 günlük Vətən müharibəsi, ondan sonrakı dövrdə antiterror əməliyyatında öz bəhrəsini verdi. Biz bir daha bütün dünyaya ordumuzun gücünü göstərdik”. Bu sözləri SİA-ya açıqlamasında Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Yaqub oğlu Hüseynov deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. I Qarabağ müharibəsində də məhz həmin hərbçilərimiz vətənin müdafiəsində müstəsna xidmətlər göstərmişdilər. Sadəcə hakimiyyətdə səriştəsiz rəhbərlərin olması ordunun da parçalanmasına və nəticədə torpaqlarımızın itirilməsinə səbəb oldu. Ancaq Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ordu quruculuğunda yenidən addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı”.

O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin də hakimiyyəti dövründə ordu quruculuğuna xüsusi diqqət ayrılıb:

"Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Vətənimiin təhlükəsiz və firavan olması məhz güclü ordumuzun sayəsindədir. Bu gün heç bir ölkə Azərbaycan sərhədlərini pozmaq niyyətinə düşə bilməz. Çünki bizim güclü, ayıq sayıq ordumuz var. Azərbaycan əsgəri artıq dünyada öz gücünü göstərmişdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə