“Bu görüş münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər” - ŞƏRH

“Bu görüş münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər” - ŞƏRH

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafı qəbul etməsi iki ölkə arasında münasibətlərdə müharibədən sonrakı dövrdə yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, çünki cənab Qalibaf da çıxışında Azərbaycanın İran xalqının və dövlətinin yanında olduğunu vurğuladı, müharibə dövründə göstərilən dəstəyi yüksək qiymətləndirdi:

“Cənab Prezident də İran Prezidenti ilə mütəmadi əlaqə saxladığını, İran dövlətinin yanında olduğunu, müharibənin başa çatmasına sevindiyini qeyd etdi və humanitar yardımların göndərildiyini vurğuladı.

Göründüyü kimi, Azərbaycan İranla əlaqələrə yüksək önəm verir. Lakin bəzən İranda müəyyən dairələrin anti-Azərbaycan mövqeyi nümayiş etdirdiyini də müşahidə edirik. Buna baxmayaraq, Azərbaycan mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əməkdaşlığı davam etdirir.

Düşünürəm ki, bu görüş Azərbaycan-İran münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə