OpenAI süni intellekt vasitəsilə video yaratmağa imkan verən Sora xidmətini bağlayır
OpenAI süni intellekt vasitəsilə video yaratmağa imkan verən Sora xidmətini bağlamaq qərarı alıb. 2024-cü ildə istifadəyə verilən Sora, ChatGPT-nin aid olduğu şirkətin ən populyar tətbiqlərindən birinə çevrilmişdi. Hətta ötən ilin noyabr ayında tətbiq hər gün 100 mindən çox istifadəçi tərəfindən yüklənirdi.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, dekabr ayında OpenAI, Disney ilə Sora üzərindən Mickey Mouse və Donald Duck kimi obrazların istifadəsi üçün razılaşma əldə etdiyini açıqlamışdı. Lakin bu razılaşma da ləğv edilib.
Bu səbəbdən Sora-nın bağlanması istifadəçilər arasında böyük təəccüb yaradıb. Şirkət X platformasında etdiyi açıqlamada belə deyib:
“Sora ilə məzmun yaradan, paylaşan və bu icmanı formalaşdıran hər kəsə təşəkkür edirik. Ortaya qoyduqlarınız çox dəyərli idi və bu xəbərin məyusluq yaratdığını bilirik.”
OpenAI, The New York Times qəzetinə verdiyi açıqlamada isə video istehsalının tam dayandırılmayacağını, lakin bundan sonra əsasən robotların təlimi üçün realistik ssenarilər yaratmaq məqsədilə istifadə olunacağını bildirib.
Analitiklərə görə bu ani qərarın arxasında əsas faktor yüksək xərclərdir. Milyonlarla istifadəçinin video yaratması, OpenAI kimi böyük texnologiya şirkəti üçün belə çox böyük hesablama gücü tələb edir. Bu isə daim böyüyən məlumat mərkəzləri səbəbindən ciddi maliyyə xərclərinə gətirib çıxarır.
Uzun illər zərər edərək böyüyən şirkət artıq xərcləri nəzarət altına almağa məcburdur. Şirkətin qurucularından Sam Altman-ın OpenAI-ni birjada yerləşdirmək planı da bu prosesi sürətləndirir. Çünki investor cəlb etmək üçün daha balanslı maliyyə göstəriciləri vacibdir.
Digər tərəfdən rəqib şirkət Anthropic də IPO-ya hazırlaşır və daha sabit maliyyə vəziyyəti ilə investorlar üçün daha cəlbedici görünə bilər.
Əlbəttə, bu ssenari süni intellekt sektorundakı hazırkı inkişafın davam etməsindən asılıdır. Əks halda, bəzi mütəxəssislərin qeyd etdiyi kimi, “süni intellekt balonunun” partlama ehtimalı da gündəmdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB