Xocalı soyqırımı bəşər tarixinin qara ləkəsidir - TƏHLİL

Son iki yüz il ərzində erməni vəhşi toplumunun insanlığa qarşı törətdiyi amansız soyqırımı aktları, qətliamlar dünyanı sarsıdıb. Hər bir dünyaca tanınmış siyasətçi, politoloq, dövlət adamı, araşdırmaçı jurnalist, KİV təmsilçiləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və deportasiya siyasətindən, şəhər və kəndlərin barbarlarsayağı dağıdılmasından dəhşətə gəliblər. Birmənalı mövqe ondan ibarətdir ki, erməni hərbi-terror toplumunun və onların havadarlarının əsas məqsədləri azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə özlərindən uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq üçün erməni vəhşi toplumu xaricdən aldıqları hərbi, siyasi, maliyyə dəstəyi hesabına iki milyona yaxın azərbaycanlını qətlə yetiriblər. İki əsr ərzində yüzlərlə azərbaycanlı kəndi yer üzündən silinib, minlərlə tarixi abidə, mədəniyyət nümunələri məhv edilib. Xüsusilə də erməni vəhşi toplumu ötən əsrin 88-ci illərindən başlayaraq azərbaycanlıları öldürmək, torpaqlarını zəbt etmək üçün genişmiqyaslı terror aktları həyata keçirməyə başlamışdır. Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndini ağır texnikalardan, qumbara atanlardan, pulemyotlardan və digər odlu silahlardan atəş açaraq kənddə yaşayan əhalini mütəmadi olaraq qorxu və həyəcan içərisində saxlamış, evlər yandırılmış və kənddə yaşamaq mümkün olmadığına görə həmin dövrdən başlayaraq 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunmuşdur. 11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin top, raket, pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilmiş, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri almış, 9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunmuş və onlara verilmiş işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat etmişdir. Erməni terrorçu hərbi birləşmələrinin işğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalmış, Quşçular və Malıbəyli kəndlərinə (o zaman mövcud olmuş məzənnə ilə) 35 mlrd 195 mln 478 min 249 manat ziyan dəymişdir.

Dünyanın sarsıldığı Xocalı soyqırımı

1992-ci il 14-17 fevral tarixdə erməni silahlı quldurlarının Xocavənd rayonunun Qaradağlı kəndini silahlı basqın zamanı 104 nəfər girov götürülmüş, 67 nəfər Qaradağlı kənd sakini, o cümlədən, 9 nəfər azyaşlı uşaq, 10 nəfər qadın, 14 nəfər 60 yaşdan yuxarı kişilər, 34 nəfər gənclər öldürülmüş, 5 nəfər itkin düşmüş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndi işğal edərkən 200-dən artıq fərdi yaşayış evləri, 1 mədəniyyət evi, 2 kitabxana binası, 1 məktəb binası, 1 xəstəxana binası, bir tarixi abidə, digər dövlət obyektləri, habelə 250 hektar meşə zolağı yandırılaraq, dövlətə və əhaliyə 60.666.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Qəbul edilən qərarlara və yuxarıda qeyd olunan prinsiplərə əsasən, demək olar ki, ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalmın Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalınm Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalınm Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Beynəlxalq qanlara əsasən Xocalıda qətliamlar törətmiş Sarkisyanın, Koçaryanın, Ohanyanın və digər vəhşilərin məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması ədalətin qismən də olsa bərpası demək olar. İngilis jurnalisti Tomas de Val "Qarabağ" kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: "Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq".

Soyqırımı aktını törədənlər mütləq cəzalarını alacaqlar

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə Azərbaycan mənfur erməni terrorçu-hərbi dəstələrini tamamilə məhv etdi və ərazi bütövlüyünün təmin olunmasına nail oldu. 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatları ilə Qarabağdakı terrorçular zərərsizləşdirildi və terrorçu dəstə başçıları həbs olundular. Həbs edilən Ermənistan vətəndaşları olan terrorçu dəstə başçıları məhkəmə qarşısına çıxarılaraq hər biri layiq olduqları cəzanı aldılar. Ancaq hələ də sülh və insanlıq əleyhinə cinayətlər törətmiş Koçaryan, Ohanyan, Sarkisyan və digərləri azadlıqdadılar. Onların da həbs edilərək ədalət mühakiməsinə verilməsi qaçılmazdır. Bu mənfur məxluqlar azərbaycanlılara qarşı soyqırımı aktlarının əsas təşkilatçıları olublar. Beynəlxalq hüquqa görə, soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarır: - məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; - belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratmışdır. Bu tribunalın əsasnaməsi də təsdiq olunmuşdur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. Ümumilikdə 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xorvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Miadiç və R.Karadiçə qarşı da irəli sürülmüşdür. İkinci Beynəlxalq Tribunal Ruanda üzrə yaradılmışdır. Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi.

Müharibədə hərbi, siyasi, diplomatik qələbəyə imza atan Azərbaycan arxa cəbhədə də böyük zəfərə imza atır. Artıq işğaldan azad edilən ərazilər yenidən qurulur. Tikinti, təmir, bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. "Böyük Qayıdış" Proqramı çərçivəsində yenidən qurulan şəhər və kəndlərimizdən bir də Xocalı şəhəridir. Artıq şəhər öz əvvəlki yaşayışını bərpa etməkdədir. 2024-cü 28 May Dövlət Müstəqilliyi günü Xocalıda 20 ailə məskunlaşdırılıb.Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalıda dövlət tərəfindən tikilən ilk yaşayış kompleksinin açılışında iştirak ediblәr vә şəhərə ilk köçən sakinlərlə görüşüblәr. Prezident İlham Əliyev Xocalı sakinlərini öz ata-baba yurdlarına qayıtmaları münasibətilə təbrik edib və qayıdışın Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünә tәsadüf etmәsinin simvolik mәna daşıdığını bildirib: "Azərbaycan xalqı əmin olmalıdır ki, xalqımızın başına bir daha belə faciəvi hadisələr gəlməyəcək".

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə