Azərbaycan–ərəb dünyası arasında əməkdaşlıq genişlənir - DEPUTAT DANIŞDI

“Azərbaycan-ərəb dünyası münasibətləri daha da genişlənib və əməkdaşlıq diplomatik sahə ilə yanaşı, iqtisadi investisiyalar, enerji layihələri, nəqliyyat-logistika təşəbbüsləri və humanitar əlaqələri də əks etdirir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, xüsusilə körfəz ölkələri ilə fəallaşan münasibətlər qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində qurulub:

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür və bu platforma çərçivəsində siyasi həmrəylik mövcuddur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstək siyasi dialoqun daha da güclənməsinə zəmin yaradıb. Eyni zamanda, Azərbaycan da Yaxın Şərqdə sabitlik və humanitar təşəbbüslərin əsas dəstəkçilərindən biridir. Bu qarşılıqlı siyasi etimad tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir.

Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin rəhbəri Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətilə görüşündə də ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr xüsusi vurğulandı. Təsadüfi deyil ki, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələr qurulub və Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin müsbət nəticələr verəcəyinə inanırıq.

Yeri gəlmişkən, Ərəb Parlamenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətləri təqdir edir, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin rolunu xüsusi qiymətləndirir.

Ümumiyyətlə, Ərəb Parlamenti ilə Azərbaycan arasında münasibətlər daha çox parlament diplomatiyası və siyasi həmrəylik üzərində qurulmuş strateji platforma əməkdaşlığıdır. Gələcək perspektivdə bu münasibətlərin daha sistemli parlament mexanizmləri vasitəsilə dərinləşəcəyi gözlənilir.

Azərbaycan–ərəb dünyası ilə münasibətlərdə dinamik inkişaf edən sahələrdən biri də iqtisadi əməkdaşlıqdır. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt Azərbaycanın enerji, bərpa olunan enerji və infrastruktur layihələrinə maraq göstərir.

Son illərdə investisiya fondlarının Azərbaycanda günəş və külək enerjisi layihələrinə sərmayə yatırması diqqət çəkir. Bu əməkdaşlıq Azərbaycanın enerji sektorunda şaxələndirmə siyasətinə uyğun olaraq “yaşıl enerji” strategiyasına töhfə verir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası da ərəb investorları üçün cəlbedici istiqamət kimi qiymətləndirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə