"Türk Dövlətləri Təşkilatı sürətlə inkişaf edir" - POLİTOLOQ DANIŞDI

"Türk dünyasına yönəlik siyasət Türkiyənin son 15 ildə xarici siyasətinin əsas prioritetlərindən biridir və bu xətt ardıcıl şəkildə həyata keçirilir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu siyasət Türk dünyasında da ciddi şəkildə önəm verilən bir sahədir, çünki Türk dünyasının potensialı və gələcək dünya düzənində oynaya biləcəyi rol olduqca əhəmiyyətlidir: "Xüsusilə son 15–16 ildə, 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsasının qoyulmasından sonra, bu qurum həm institusional, həm də siyasi baxımdan sürətlə inkişaf edib. Təşkilata yeni üzvlər qəbul olunub və üzv ölkələr arasında əlaqələrin dinamikası ciddi şəkildə artıb. Artıq Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda geniş fəaliyyət göstərir və bu münasibətlər dövlət və cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə edir.

Bu prosesdə Türk Dövlətləri Təşkilatının Türk dünyasının inteqrasiyasında oynadığı rol, xüsusilə də Azərbaycan və Türkiyənin bu inteqrasiyaya verdiyi töhfə istisnasız olaraq çox önəmlidir. Azərbaycan–Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi və Şuşa Bəyannaməsinin imzalanması bu əlaqələri ən yüksək mərhələyə çatdırıb. Məhz Azərbaycan və Türkiyənin bu aparıcı rolu Orta Asiya, yəni Türküstan coğrafiyasının Qafqaz və Anadolu ilə əlaqələrinin ciddi şəkildə inkişafına səbəb olub.

Türk Dövlətləri Təşkilatı resurslar baxımından olduqca zəngindir. Həm insan resursları, həm enerji ehtiyatları, həm coğrafi və strateji mövqe, həm yeraltı və yerüstü sərvətlər baxımından böyük potensiala malikdir. Bu resurslardan düzgün və koordinasiyalı şəkildə istifadə olunarsa, hesab edilir ki, Türk dünyası gələcək dünya nizamında ən mühüm aktorlardan birinə çevrilə və qlobal güclər sırasında yer ala bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə