"Sənayenin inkişafı hər bir ölkə üçün vacibdir" - POLİTOLOQ DANIŞDI

"Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin açılması, eyni zamanda bu cür zavod və fabriklərin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılması deməkdir. Bu isə Azərbaycanın neftdən asılılığının azalması baxımından müsbət haldır. Lakin bu proses davamlı olmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, bəzən hansısa müəssisə açılır, bu müəssisələr yalnız açılış mərasimi üçün yox, uzunmüddətli perspektivdə həm ölkəyə, həm də xalqa real fayda verməlidir.

Əgər bu şərtlər təmin olunarsa, gələcəkdə Azərbaycan sənayesinin daha da inkişaf etməsi üçün ciddi zəmin yaranacaq. Çünki sənayenin inkişafı hər bir ölkə üçün olduqca vacibdir. Hansı ölkələrdə sənaye güclü şəkildə inkişaf edirsə, həmin ölkələr beynəlxalq müstəvidə də güclü dövlət kimi tanınır.
Ölkənin gücü təkcə büdcənin həcmi, valyutanın möhkəmliyi və ya maliyyə göstəriciləri ilə ölçülmür. Güclü sənaye də dövlətin əsas dayaqlarından biridir.
Azərbaycan da bu baxımdan çox mühüm mərhələdədir. Xüsusilə texnologiyalar sahəsində - çip istehsalı, yüksək texnologiyalar, süni intellekt və bu kimi istiqamətlərdə daha cəsarətli addımlar atılmalıdır. Məsələn, böyük texnologiya şirkətlərinin ölkəyə cəlb olunması, çip texnologiyaları sahəsində əməkdaşlıqların qurulması vacibdir.

Çünki bu sahə gələcəyin texnologiyasıdır və Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Ən azı ona görə ki, baxdıqda görürük: Ermənistan artıq bu istiqamətdə addımlar atır və ABŞ tərəfindən dəstək alır. Bu baxımdan Azərbaycan da meydanda tək qalmamalı, vaxtında və düzgün addımlar atmalıdır. Bir daha vurğulayıram ki, texnologiyalar gələcəkdə ölkələrin taleyini müəyyən edən əsas sahələrdən biri olacaq və bu məsələ Azərbaycan üçün artıq sadəcə vacib deyil, ultra-vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə