"Səfər iki ölkə arasında strateji əməkdaşlığa yeni imkanlar açır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Prezidentin Danimarkaya səfəri həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, belə səfərlər yalnız protokol xarakteri daşımır, onlar dövlətlər arasında qarşılıqlı maraqları, siyasi, iqtisadi və mədəni əməkdaşlığın perspektivlərini ortaya qoyur: "Azərbaycan və Danimarka münasibətləri tarixi baxımdan intensiv olmasa da, hər iki ölkənin xarici siyasət kursunda ortaq məqamlar mövcuddur. Danimarka Avropanın enerji təhlükəsizliyi məsələlərinə həssas yanaşan bir dövlətdir. Azərbaycanın isə Avropaya təbii qaz ixracında strateji rol oynadığı məlumdur. Bu baxımdan, Prezidentin səfəri enerji əməkdaşlığının daha da dərinləşdirilməsi, xüsusilə yaşıl enerji sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün çox mühüm platforma rolunu oynayır. Danimarka külək enerjisi texnologiyaları üzrə Avropada lider ölkələrdən biridir. Azərbaycanın Xəzər dənizində planlaşdırdığı külək elektrik stansiyaları və bərpa olunan enerji layihələri Danimarka ilə əməkdaşlıq üçün geniş imkanlar açır.
Siyasi aspektdən baxdıqda, Danimarka Avropa İttifaqının fəal üzvlərindən biri kimi Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm tərəfdaş ola bilər. Görüşlərdə həm də regional təhlükəsizlik məsələlərinin, Cənubi Qafqazda post-münaqişə dövrünün müzakirə olunduğunu ehtimal etmək olar. Çünki Avropa dövlətləri, o cümlədən Danimarka, regionda davamlı sülhün bərqərar olmasına maraq göstərirlər. Azərbaycan tərəfi isə 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları beynəlxalq tərəfdaşlarına izah etməkdə davam edir.
Mədəni-humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərdə önəmli sahədir. Təhsil, innovasiya və texnologiya üzrə danimarkalı təcrübənin Azərbaycana gətirilməsi, gənclərin mübadilə proqramları, eləcə də turizm sahəsində əməkdaşlıq perspektivləri bu səfərin gündəliyində öz yerini tuta bilər. Prezidentin Danimarkaya səfəri Azərbaycanın Avropa ilə çoxşaxəli əlaqələrinin bir parçasıdır və ikitərəfli münasibətlərin daha yüksək mərhələyə daşınmasına real zəmin yaradır. Bu səfər həm də Azərbaycanın xarici siyasətində balanslaşdırılmış, çoxtərəfli əməkdaşlıq xəttinin davamı kimi dəyərləndirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə