“Çağırış BMT-nin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyinə yönəlik idi” - MÜNASİBƏT BİLDİRİLDİ
“Dövlət başçısının BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasındakı çıxışı əhatəli olmaqla yanaşı özündə bi sıra mesajları da ehtiva etdi. Prezident çıxışında 30 il işğaldan əziyyət çəkən, ədalətsizliklərlə mübarizə aparan ölkəmizin keçdiyi yoldan və bütün çətinliklərə baxmayaraq əldə edilən uğurlardan bəhs etdi. Məlumdur ki, cənab Prezident uzun illər ərzində BMT-nin Ali tribunasından Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizliklə bağlı, ölkəmizin üzləşdiri faciələr barədə dəfələrlə çıxış edib. Son dəfə beş il əvvəl 2020-ci ilin 21 sentyabrında, BMT-nin 75 illiyinə həsr edilmiş video formatda keçirilən Yüksək Səviyyəli İclasında da ərazilərimizin işğal faktından danışaraq Ermənistanın "yeni ərazilər uğrunda yeni müharibə” prinsipi ilə regionda gərginliyi artırdığını və bunun müharibəyə səbəb olacağını deyərək baş verəcəklərlə bağlı beynəlxaq birliyi məlumatlandırdığını yəqin ki, əksəriyyət xatırlayır. Elə həmin çıxışda cənab Prezident baş verəcəklərə görə məsuliyyətin təkcə Ermənistanın deyil, eyni zamanda işğala və Ermənistanın hərəkətlərinə göz yuman beynəlxalq birliyin də üzərinə düşdüyünü bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, bu dəfə isə artıq 80-ci il Yubiley sesiyasında ölkə başçısı qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrün başlamasından, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhün siyasi vasitələrlə necə təmin edilməsindən danışdı: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasınını tələb olunmasına baxmayaraq bu Qətnamələrin heç vaxt icra olunmadığını deyən Prezident 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini bir daha Ali tribunadan bəyan etdi.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu deyən ölkə başçısı Ermənistanın müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdığını, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdiyini də xatırladaraq 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin işğal altındakı əraziləri azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirdi. Əslində Prezidentin BMT-nin icra olunmayan Qətnamələri və ATƏT Minsk Qrupu ilə bağlı dedikləri özündə BMT-nin timsalında beynəlxalq ictimaiyyətin və danışıqlara, Qətnamələrin icrasına məsul olan Minsk qrupunun timsalında həmsədr ölkələrin məsuliyyətsizliyinin bəyan edilməsini ehtiva edirdi.
Prezident öz çıxışında həmçinin müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayaraq danışıqların yalnız ikitərəfli əsasda aparıldığını və məhz buna görə də müsbət nəticələr verdiyini bildirdi. Daha sonra dövlət başçısı Vaşinqton anlaşmalarını təqdim edərək, ABŞ prezidenti Donald Trampa səylərinə görə təşəkkür etdi. Prezidentin çıxışında daha bir vacib məqam Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar oldu. Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı Vaşinqton Sammitinin mühüm nəticələrindən biri olaraq təqdim edən Prezidetn bu dəhlizin maneəsiz keçidi təmin edəcəyini bildirdi.
Vaşinqton Sammitinin, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarə olduğunu deyən dövlət başçısı Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunun imzalandığını da xatırladaraq bunun, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açdığını bildirdi.
Dövlət baççısı həmçinin müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən də geniş şəkildə danışaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insanın öz dogma torpaqlarında yaşadığını qeyd etdi. Eyni zamanda olduqca ağrılı bir mövzunu, yəni ərazilərimizin minalanması faktını və mina terrorunun nəticələrini də gündəmə gətirdi ki, bu da real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli idi.
Prezidentin çıxışı ölkəmizin iqtisadi və enerji sektorundakı imkanlarını, eləcə də nəqliyyat qovşağı kimi rolunun beynəlxaq birliyə çatdırılması baxımından da önəmli oldu. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələrinin ölkəmizdən keçdiyini deyən dövlət başçısı rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcud olduğunu bildirdi. Prezidentin çıxışını bütün beynəlxaq birliyə çağırışla yekunlaşdıraraq birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu dünya qurulmasının vacib olduğunu dedi. Bu çağırış əslində fakiki olaraq beynəlxaq qurumların və o cümlədən BMT-nin öz üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyinə yönəlik çağırış idi. Ümumiyyətlə isə Azərbaycan Prezidentinin BMT sessiyasındakı çıxışını özündə qlobal çağırışlarla bağlı mühüm mesajlar ehtiva edən çıxış kimi qiymətləndirə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə