Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib – ŞƏRH EDİLDİ

Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib – ŞƏRH EDİLDİ

“1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olan "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan vermiş, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynayıb". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, elm, maarif, mədəniyyət və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edən "Əkinçi" qəzeti cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub: “Maarifçi ziyalılar öz amallarını gerçəkləşdirmək üçün "Əkinçi"nin işığına toplaşmışdılar. Dövrün görkəmli maarifçiləri canlı xalq dilinə əsaslanan, sadə və anlaşıqlı bir dildə olan yazıları ilə oxucularının görüşünə gəlirdilər. "Əkinçi" ilk toxumlarını səpdi və milli mətbuatımız mərhələ-mərhələ inkişaf yolu keçdi. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı dövrdə media sahəsində həyata keçirilmiş köklü islahatların nəticəsi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr və senzura aradan qaldırıldı. Bütün bunlar Azərbaycan mediasının sürətli inkişafına təkan vermiş və onun yeni mərhələyə qədəm qoymasını təmin edib. Ölkəmizdə söz azadlığı bərqərar olunub və onun əsas daşıyıcısı olan müstəqil mətbuat yaradılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və informasiya azadlığı, demokratiyanın inkişafına böyük diqqət ayırır. Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular”.

Bütün xəbərlər Facebook səhifəmizdə