III Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalıda

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdan sonra Xocalıya səfər ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Forum iştirakçılarına Xocalının 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Artıq bir zamanlar yurdlarından didərgin düşən sakinlərin Xocalı şəhərinə və rayonun üç kəndinə qayıdışı təmin edilib.

Forum iştirakçıları Xocalı şəhəri ilə tanışlıqdan sonra Şuşaya yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə