"Sərəncam Prezidentin mərhəmətinin və humanizminin növbəti nümayişidir" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyevin əfv sərəncamı ilə 200-dən çox ailə sevindi və insanlar azadlığa çıxdılar, öz ailə üzvlərinə qovuşdular. Bu sərəncam cənab Prezidentin mərhəmətinin və humanizminin növbəti nümayişidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər müstəqil Azərbaycan dövlətində 71 əfv sərəncamı olmuşdur və 10 mindən çox insan bu sərəncam nəticəsində azadlığa qovuşmuşdur. 10-dan çox Amnistiya aktı olmuşdur və 100 mindən çox insan Amnistiya aktından bəhrələnmişdir: "Bunlar hamısı Azərbaycan dövlətinin humanizm xarakterli bir dövlət olduğunu göstərir və cənab Prezidentin siyasətində də əhalinin, vətəndaşların rifahının qorunması vacib əlamətlərdən, amillərdən, faktorlardan biridir. Məhz belə əfv sərəncamları, Amnistiya qərarları cəmiyyətdə mehribanlığı artırır, cəmiyyətdə harmoniyanı artırır, cəmiyyətin daha da həmrəyliyinin güclənməsinə xidmət edir.
Eyni zamanda biz dünən də əfvə düşmüş, artıq keçmiş tutulanlarla, məhbuslarla görüşəndə onlara da öz tövsiyələrimizi verərək söylədik ki, dövlət başçısının əfvi həm də sizin islah olduğunuzun, düz yola qayıtmağınızın bir nümunəsidir, nişanəsidir. Buna görə də bundan sonrakı həyatınızı elə yaşayın ki, sonradan bir də peşman olmayasınız və cəmiyyət, ailəniz, dövlətiniz üçün yararlı insanlar olasınız və doğru fəaliyyət göstərəsiniz. Bu həm də bir dərsdir, bir nümunədir.
Eyni zamanda cəmiyyətdəki harmoniyanın artırılmasına çox vacib bir amildir və hesab edirəm ki, bu təkcə 200 məhbusun əfv olunması və onların ailəsinə sevinc bəxş edilməsi kimi bir addımı deyil. Yüzlərlə onları əhatə edən insanın sevinməsinə və rahatlanmasına gətirib çıxaran bir addımdır. Söhbət etdiyimiz artıq keçmiş məhbuslar, əfvə düşmüş insanlar da cənab Prezidentə öz minnətdarlıqlarını bildirdilər, onların ailə üzvləri də sevinərək ölkə başçısına təşəkkürlərini etdilər. Onlar da söz verdilər ki, bundan sonrakı həyatlarını doğru, düzgün yaşayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə