Azərbaycan-İran münasibətləri: Geosiyasi reallıqlar fonunda strateji əməkdaşlıq

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası xarici siyasətində balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan yanaşma ilə regionda mühüm aktora çevrilmişdir. Bu strategiyanın təməlini qoyan Ulu Öndər Heydər Əliyev dövlətimizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına, region ölkələri ilə mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına nail olmuşdur. Onun əsasını qoyduğu xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və inkişaf naminə fəaliyyət göstərən nüfuzlu dövlətə çevrilməsini təmin edir.

Dövlətimizin xarici siyasətində qonşu ölkələrlə münasibətlər, xüsusilə İran İslam Respublikası ilə əlaqələr mühüm yer tutur. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə, ortaq mədəni və dini irsə, eləcə də coğrafi yaxınlığa söykənir. Bu əlaqələrin inkişafında Ümumilli Lider Heydər Əliyevin 1990-cı illərin sonlarından etibarən apardığı ardıcıl siyasət mühüm rol oynamış, ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq mühiti formalaşmışdır.

Cari ilin 28 aprel tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirdi. Dövlət başçılarının geniş tərkibdə keçirdiyi görüşlər, imzalanmış sənədlər və verilmiş bəyanatlar Azərbaycan-İran münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə, səfər çərçivəsində infrastruktur, enerji, nəqliyyat və humanitar sahələr üzrə imzalanan razılaşmalar gələcək əməkdaşlıq üçün real zəmin yaradır.

Tarixi, mədəni və dini baxımdan sıx bağlı olan dövlətlərimiz arasındakı münasibətlər ümumi maraqlar naminə inkişaf etdirilmişdir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində İranla münasibətlərdə qarşılıqlı etimadın artırılması, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Məsud Pezeşianın yüksək səviyyəli nümayəndə heyəti ilə həyata keçirdiyi bu səfər İranın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin və gələcəkdə daha yaxın siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq istədiyinin göstəricisidir. Səfər çərçivəsində verilən birgə bəyanatlarda hər iki tərəfin strateji tərəfdaşlıq iradəsi bir daha təsdiqlənmişdir.

Dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və İran regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən mühüm oyunçulardır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı kimi platformalarda dövlətlərimizin qarşılıqlı dəstəyi həm diplomatik mövqelərin güclənməsinə, həm də ümumi maraqların müdafiəsinə töhfə verir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə bu təşkilatlar daxilində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmiş və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.

Cənab Prezident çıxışında Azərbaycanın tranzit imkanlarının və nəqliyyat infrastrukturunun bölgədə strateji üstünlük yaratdığını vurğuladə. Sözsüz ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Azərbaycan artıq öz ərazisində bütün əsas infrastruktur layihələrini həyata keçirmiş, əlavə sərmayələr vasitəsilə bu imkanları daha da genişləndirmişdir. İran İslam Respublikasının dövlət başçısının səfəri çərçivəsində bu layihəyə dair razılaşmaların yenilənməsi və yeni mexanizmlərin müəyyən olunması yaxın illərdə yükdaşıma həcminin artmasına şərait yaradacaq.

Prezident İlham Əliyev Azərbaycan və İran arasında mədəni və humanitar əlaqələrdən də söz açdı. Dövlətlərimizin mədəni və humanitar əlaqələrinin inkişafı da qarşılıqlı etimadın dərinləşməsində mühüm rol oynayır. Səfər çərçivəsində yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin təşkili ilə bağlı razılıq əldə olunması, xalqlar arasında tarixi bağlılığın və ortaq dəyərlərin yaşadılmasına xidmət edən əhəmiyyətli addımdır.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixilik və geosiyasi rasionalizm üzərində formalaşaraq, bu gün regional sabitlik və əməkdaşlıq modelinə çevrilməkdədir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan İran, 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulması ilə rəsmi münasibətlərin bünövrəsini qoymuşdur. Hər iki tərəfin siyasi iradəsi nəticəsində bu münasibətlər qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlıq ruhunda dərinləşməkdədir.

2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu səfər çərçivəsində imzalanan sənədlər – nəqliyyat və dənizçilik sahəsindən texniki əməkdaşlığa, mədəniyyət və media sahəsindən inteqrasiyaya qədər – münasibətlərin kompleks xarakterini nümayiş etdirir. Sözsüz ki, bu addımlar yalnız ikitərəfli əlaqələrin dərinləşməsinə deyil, həm də regionda inteqrasiya meyillərinin güclənməsinə töhfə verəcək.

İranla münasibətlər Azərbaycanın xarici siyasətində tarazlaşdırıcı elementlərdən biridir. Dövlətlərimiz yalnız diplomatik və ikitərəfli münasibətlərlə kifayətlənməyərək, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və 3+3 formatında regional mexanizmlər çərçivəsində də fəal əməkdaşlıq edirlər.

Dövlət başçılarının keçmiş illərdəki qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq platformalarda keçirilmiş görüşləri münasibətlərin davamlı xarakter daşıdığının sübutudur. Xüsusilə sərhədyanı ərazilərdə həyata keçirilən layihələr və regional enerji-logistika təşəbbüsləri ölkələrimiz arasındakı sinerjini daha da gücləndirmişdir.

Prezident Pezeşkianın səfəri bu kontekstdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər yalnız siyasi dialoqun davamlılığını deyil, eyni zamanda texniki, humanitar və mədəni sahələrdə də əməkdaşlığın strukturlaşmasını təmin edəcək. Dənizçilik sahəsində qarşılıqlı sertifikatların tanınması, media və mədəniyyət sahəsində uzunmüddətli proqramların imzalanması ikitərəfli münasibətlərin gələcək inkişafına strateji zəmin yaradacaq.

Nəticə etibarilə, Azərbaycan-İran münasibətləri artıq ənənəvi qonşuluq çərçivəsini aşaraq, regional və qlobal çağırışlara qarşı birgə mövqe nümayiş etdirməyə hazır olan strateji tərəfdaşlıq modelinə çevrilmişdir.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə