Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov Astanaya rəsmi səfərə gələn Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, general Asim Munir ilə danışıqlar aparıb. SİA Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, son on ildə bu səviyyəli ilk görüşdür, bu da iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə marağın artdığını vurğulayır.
Tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən sülhməramlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq, tibbi təminat, döyüş hazırlığı və xüsusi əməliyyat qüvvələrinin hazırlığını müzakirə ediblər. Qazaxıstan sülhməramlılıq üzrə beynəlxalq sazişi imzalamağa hazır olduğunu bildirib, bu da tərəfdaşlığın dərinləşdirilməsində mühüm addım olacaq.
R.Jaksılıkov vurğulayıb ki, Pakistan bir sıra hərbi sahələrdə mühüm təcrübəyə malikdir və Qazaxıstan bilik və təcrübə mübadiləsini inkişaf etdirməkdə maraqlıdır.
Öz növbəsində general Munir səmimi qəbula görə minnətdarlığını bildirib və Pakistan tərəfinin müzakirə olunan bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə