"Bölgədə atəşkəsin tez-tez pozulması Ermənistanın təxribatlarından xəbər verir. Sülh sazişinin imzalanmasına maraqlı deyillər. Ermənistanın baş naziri Nikol Paşinyan bəlkə də, ordusuna nəzarət edə bilmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan özüdə dəfələrlə açıqlamalarında etiraf edib ki, ordusunda 5-ci kolonu var. Amma mən hesab edirəm ki, yaxın gələcəkdə bu böyük bir toqquşmaya çevrilməyəcək: "Çünki Ermənistandakı radikal qüvvələrdə anlayırlar ki, təxribata getsələr, Azərbaycan yenə də, dəmir yumruğu işə salsa bu onlara baha başa gələcək. Bununda nəticəsi olaraq daha çox ərazilərini itirəcəklər. Ermənistanın bu təxribatlarla bir neçə məqsədi ola bilər. İlk növbədə, regionda sabitliyi pozmaqla beynəlxalq diqqəti yenidən üzərinə çəkməyə və Azərbaycanı təqsirkar tərəf kimi göstərməyə çalışır. Eyni zamanda, bu addımlar daxili ictimaiyyətə yönəlik bir siyasi mesaj daşıyır – hakimiyyətin “milli maraqları müdafiə etdiyi” görüntüsünü yaratmaq istəyir. Digər tərəfdən, Ermənistan müəyyən strateji mövqelərdə üstünlük əldə etməyə və sərhədlərdə status-kvonu dəyişməyə çalışır. Belə addımlar sülh danışıqlarına zərbə vurur və regionda yeni qarşıdurma riskini artırır. Eyni zamanda, Ermənistan tərəfi sülh danışıqlarında əlavə güzəştlər qoparmaq üçün bu gərginliyi təzyiq aləti kimi də istifadə edə bilər. Belə hallar həm də Azərbaycanın həyata keçirdiyi sərhəd infrastruktur layihələrinə və kommunikasiya xəttlərinin açılmasına mane olmaq məqsədi daşıyır. Hazırda sülh prosesi davam etsə də, Ermənistanın bu təxribatları regionda sabitliyə ciddi təhlükə yaradır. Əgər vəziyyət nəzarətdən çıxarsa, bu lokal insidentlərin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski artır. Ona görə də beynəlxalq vasitəçilər bu prosesi yaxından izləməli, bölgədə gərginliyin azaldılması üçün aktiv rol oynamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə