Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransı Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan Jakob Bisep açıb.

Açılış nitqindən sonra kolonializmlə mübarizəyə həsr edilən məsələlərin müzakirəsi başlayıb, “Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət”, “Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi”, “Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru”, “Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması” və “BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsi” mövzuları ətrafında çıxışlar dinlənilib.

Beynəlxalq konfransda həmçinin kolonializmlə mübarizəyə həsr edilən sərgi təşkil olunub.

Dünyanın müxtəlif ölkələrindən olan konfrans iştirakçıları dinc etirazlarda iştirak etdiklərinə görə Fransa hakimiyyəti tərəfindən həbs edilmiş Yeni Kaledoniya siyasi məhbusları ilə həmrəyliklərini ifadə edərək flaşmob keçiriblər.

Eyni zamanda tədbir çərçivəsində BTQ və Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi (UPLG) partiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, konfrans iştirakçıları Yeni Kaledoniyanın müstəqillik hərəkatının həbsdə olan rəhbəri Kristian Teinin fotosu əks olunan köynəyə imza ataraq xatirə üçün onun ailə üzvləri vasitəsilə siyasi məhbusa göndəriblər.

Konfrans müstəmləkəçiliklə mübarizə haqqında sərbəst müzakirə və sual-cavabla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə