Böyük güclər Azərbaycanla Ermənistanın vasitəçilərsiz razılığa gəlmək ehtimalından danışır
Ermənistan-Azərbaycan münasibətlərinin normal məcraya düşməsini istəyən ölkələr az deyil. Digər istəkdə olanların maraqları da fərqlidir. Biri silahlarını satır, digəri qoparılan tikələrdən birini istəyir, o birinin iqtisadi maraqlardan qaynaqlanan iştahı açılıb. Beləcə, 30 il davam edən və iki il bundan əvvəl birdəfəlik son qoyulan münaqişənin yenidən alovlanması üçün dəridən-qabıqdan çıxanlar da yox deyil. Gah Ermənistanı silahlandırır, gah “dürbin diplomatiyası” ilə bizi qıcıqlandırır, qərəzli, dezinformasiya, təxribatçı məlumatlar yayır və bununla etimadsızlıq mühiti formalaşdırmağa cəhd edirlər. Diqqət edin, münaqişənin ilk illərindən Avropa institutlarından biri özünü tərəfləri masaya dəvət edirmiş kimi göstərdi. 26 il yalançı barışla insanları qandırmağa çalışdı, separatçılığı dəstəklədi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına haqq donu geyindirməyə çalışdı, çoxsaylı görüşlərin vasitəçisi oldu, müxtəlif həll variantları irəli sürdü, amma bütün təkliflər yalan üzərində, Azərbaycanın milli maraqlarına zidd olduğu üçün qəbul olunmadı.
44 günlük müharibədən sonra Azərbaycan çox unikal, tarixdə heç vaxt olmayan barış təklifi irəli sürdü. Azərbaycana vurduğu ağır zərərlərə, torpaqlarımızın işğalına, vətəndaşlarımızın öz yurdlarından didərgin salmasına, öldürməsinə, əsir və girov götürməsinə, milli və dini abidələrimizi yer üzündən silməsinə baxmayaraq müharibəni Ermənistan ərazisinə keçirmədi, torpaqlarını nəzarət altına almadı. Halbuki, silahlı qüvvələrimizin buna tam haqqı çatırdı və gücü də yetərli idi. Hesabları, bədəli sonraya saxlamaq şərtilə beynəlxalq qanunlara söykənən sülh müqaviləsi təklifini İrəvana göndərdi. Humanist davranışımıza Ermənistan adekvat cavab vermək əvəzinə bizimlə müharibə dilində danışmağa cəhd edir. Əlbəttə, nə bu danışıqlar ermənilərin ağzı ilədir, nə də hərəkətlər.
İkitərəfli danışıqlarda əldə edilən uğurlar göz qabağındadır. Əsirlərin dəyişdirilməsi, ermənilərin nəzarətində olan 4 kəndin geri qaytarılması, sərhədlərin delimitasiya və demarkasiyasına başlanması, birgə komissiyaların görüşləri və görülən işlər bunu deməyə əsas verir ki, kənar vasitəçilərin 26 ildə görə bilmədiklərini Azərbaycan qısa müddət ərzində reallaşdırdı. Bu, bir daha sübut edir ki, indiyədək “vasitəçi” adı altındə dünyanın super gücləri əslində müharibəni tərənnüm ediblər, sülhdən uzaq durublar. Zəngəzur dəhlizi ətrafında yaranan vəziyyətdən istifadə etmək istəyən həmin dairələr çıxış yolu kimi özlərinin məsələyə müdaxilə etməsini göstərirlər. Amma unudurlar ki, səhv bir dəfə olur…
Rusiya mətbuatı yazır ki, guya Ermənistan və Azərbaycan hakimiyyətləri sülh müqaviləsinin hazırlanması çərçivəsində konkret nəyi müzakirə etdikləri və imzalanandan sonra nədən danışmağa başlayacaqları barədə mübahisə ediblər. Eyni zamanda, hər iki tərəf əmindir ki, danışıqların yekun mərhələsinə az qalıb. Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov bəyan edib ki, “İrəvanın manipulyasiyalarına görə” Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün deyil. Onun sözlərinə görə, ABŞ-ın əvvəlki prezidenti Cozef Baydenin təzyiqi ilə Ermənistan hakimiyyəti sənədin imzalanmasını təxirə salıb. Eyni zamanda, siyasətçi vurğulayıb ki, tərəflərin razılığa gəlmək üçün cəmi iki məqamı qalıb: Zəngəzur dəhlizinin açılması və Ermənistan Konstitusiyasına düzəlişlər. “Bu günə olan məlumata görə, sazişin 17 bəndindən 15-i razılaşdırılıb. Həll olunmayan məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.
Ermənistan bu prosesin pozulmasına görə məsuliyyəti İrana, daha sonra Fransaya, daha sonra ABŞ-a həvalə edib. İkinci məqam Ermənistan Konstitusiyasında təsbit olunmuş ərazi iddialarıdır”, - deyə Əsgərov bildirib.
Bundan başqa, onun sözlərinə görə, Bakı ATƏT-in Minsk qrupunun ləğvində israrlıdır. Öz növbəsində İrəvan sülh müqaviləsinin hazırlanması kontekstində bu məqamların müzakirəsini təkzib edib. “Yuxarıdakılar tamamilə doğru deyil. Baş nazir Paşinyanın açıq şəkildə bəyan etdiyi kimi, hələ razılaşdırılmamış iki məqam bir tərəfdən üçüncü qüvvələrin sərhəddə yerləşdirilməsi, digər tərəfdən isə beynəlxalq hüquqi strukturlarda bir-birindən şikayətlərin verilməsindən narahatdır. Bunu rəsmi Bakı da təsdiqləyib”, - deyə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
Yada salaq ki, 2024-cü ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, İrəvan və Bakı bir-birinə qarşı beynəlxalq iddialardan əl çəkmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək barədə hələlik razılığa gələ bilmirlər. Həmçinin Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyov bildirib ki, tərəflər sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiyaların açılması məsələsini həll etmək barədə razılığa gəliblər. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ATƏT-in Minsk qrupu sülhün rəsmi bağlanmasından sonra buraxıla bilər. Bundan əlavə, respublikanın hakimiyyət orqanları referenduma çıxarıla biləcək yeni Konstitusiya layihəsini hazırlayır. Bu, 2026-cı il parlament seçkiləri ilə əlaqələndirilə bilər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, əslində sülh müqaviləsi layihəsində cəmi iki bənd razılaşdırılmayıb. Lakin o, Əsgərovun nəyə görə bunların Zəngəzur dəhlizinə və Ermənistan Konstitusiyasına dəyişikliklərə aid olduğunu qərara aldığını bilmir. “Söhbət qarşılıqlı iddiaların geri götürülməsindən və sərhəddə üçüncü şəxslərin olmasından gedir. Eyni zamanda, şifahi səviyyədə İrəvan artıq Bakı ilə razılaşıb ki, heç bir iddia olmamalıdır. Yəqin ki, bu məqamın təfərrüatları hələ razılaşdırılmalıdır. Sərhəddə üçüncü qüvvələrin olmasına gəlincə, razılaşmadan danışmaq hələ tezdir. Paşinyan iddia edir ki, Aİ müşahidəçiləri sərhədin yalnız delimitasiya olunmuş hissələrini tərk edə bilərlər, lakin bu proses çox uzundur, ona görə də Bakı bununla razılaşmır”, - deyə Şəfiyev izah edib.
Eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişiklik sülh danışıqları çərçivəsində müzakirə olunmasa da, Bakı hələ də bunu gözləyir, politoloq aydınlıq gətirib. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən adı çəkilən Müstəqillik Bəyannaməsinə istinad sülh müqaviləsini konstitusiyaya zidd edə bilər.
MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov sülh müqaviləsinin razılaşdırılmamış qalan iki bəndinin məzmunu ilə bağlı Şəfiyevlə razılaşır. “Ermənistan Konstitusiyası ilə bağlı Azərbaycanın mövqeyi də məlumdur. Lakin Ermənistan hakimiyyəti bununla bağlı nə edəcəyini hələ bilmir. Xüsusilə, onların hazırlayacaqları yeni Konstitusiya layihəsinin nə olacağı məlum deyil”, - deyə Markarov bildirib: “Bakı və İrəvanın Zəngəzur dəhlizinin istismar şəraiti ilə bağlı müxtəlif qiymətləndirmələri var. O cümlədən, Azərbaycan tərəfi ekstraterritorial marşrut əldə etmək istəyir ki, bunun sayəsində o, təkcə Naxçıvana çıxış əldə etməyəcək, həm də Türkiyə üçün Mərkəzi Asiyaya birbaşa yol açacaq. Ermənistan və Azərbaycana tərəflərin öhdəliklərini yerinə yetirməsinə zəmanət verə biləcək güclü vasitəçi lazımdır. Bunsuz onlar çətin ki, yaxın gələcəkdə sülh müqaviləsi bağlaya bilsinlər”.
Bəli, böyük güclər düşünürlər ki, onlar olmadan sülh ola bilməz. Deməli müharibəni törədən, xalqlar arasına nifaq salan da özləridir. Onlar prosesdən nə qədər tez uzaqlaşdırılsalar bir o qədər sabitlik olar.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə