“Bununla Azərbaycan dövləti müstəqilliyə layiq olduğunu bir daha sübut etdi” - ŞƏRH
“15 iyun 1993-cü il Azərbaycanda tarixin tamamilə yeni bir səhifəsinin açılışıdır. Həmin dövrə qədər baş verən hadisələr Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin çox böyük böhran yaşadığını göstərirdi”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müstəqilliyimizin əldə olunması dövrün tələbi və Azərbaycan xalqının haqqı idi:
“Ancaq müstəqilliyimiz bərpa edildikdən sonra hakimiyyətdə olan qüvvələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini təmin edə bilmədilər. Azərbaycan dövlət quruculuğu proseslərini günün tələbləri səviyyəsində qura bilmədilər. Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasətinin qarşısında ciddi sədd yarada bilmədilər.
Bunun nəticəsində hakimiyyət böhranı cəmiyyətdə qarşıdurmaya, vətəndaş müharibəsi təhlükəsinə və Ermənistanın Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal etməsinə gətirib çıxardı. Vəziyyətdən çıxış yolu isə yalnız böyük siyasətçi, adını artıq tarixə yazmış Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışı ola bilərdi. Xalqın israrlı tələbi ilə bu baş verdi.
15 iyun 1993-cü ildə Ulu Öndər əvvəlcə parlamentin sədri seçildi, daha sonra isə prezident səlahiyyətlərini icra edən şəxs təyin olundu. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycan dövlətinin qarşısında duran problemlərin həlli istiqamətində çox ciddi addımlar atıldı.
Erməni işğalının qarşısının alınması istiqamətində tədbirlər görüldü. Azərbaycan neftinin ucuz qiymətə xaricdə müəyyən dairələrin əlinə keçməsinə imkan verilmədi. Ardıcıl atılan addımlar nəticəsində ölkədə inflyasiyanın qarşısı alındı, dövlət intizamı yaradıldı və ciddi islahatların həyata keçirilməsi üçün şərait formalaşdırıldı.
Ulu Öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi güclənməsinə, erməni işğalına qarşı ciddi sədd yaratmasına və beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu.
Ulu Öndərin siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi torpaqlarımızın işğaldan azad olunmasına, neft gəlirlərinin Azərbaycanın inkişafına yönəldilməsinə, sosial islahatların həyata keçirilməsinə və Azərbaycan vətəndaşlarının demokratik hüquqlarının qorunmasına gətirib çıxardı. Azərbaycan dövləti müstəqilliyə layiq olduğunu bir daha sübut etdi.
Zaman keçdikcə Azərbaycan cəmiyyəti 15 iyun 1993-cü ilin böyük tarixi hadisə olduğunu daha yaxşı dərk edir. Hər gələn yeni nəsil Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla xatırlayacaq və onun siyasətini yüksək məsuliyyətlə qoruyacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB